Gəncə şəhərində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
AzerTimes xəbər verir ki, təlim “Azərbaycan Respublikasının 2023-cü il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində avqustun 2-4-də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi və Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub
Təlimdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, şəhər Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, şəhərin mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.
Əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib.
Tədbirdə çıxış edən N.Zamanov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərininin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.
Gəncə şəhərində təşkil olunan kompleks təlimin əhəmiyyətindən danışan N.Zamanov qeyd edib ki, şəhər ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.
Onun sözlərinə görə mülki müdafiə dəstələrinin fövqəladə hadisələrə qarşı nə dərəcədə hazır olduqlarını nümayiş etdirən bu dəfəki kompleks təlim zamanı Nazirliklə yanaşı şəhərin bütün idarə, müəssisə və təşkilatları, mülki müdafiə dəstələri, qərargahlar və mülki müdafiə sahəsinə cavabdeh şəxslər üzərlərinə böyük məsuliyyət düşdüyünü anlayaraq, təhlükə yaranan zaman birgə fəaliyyətin təşkilinə nail olmalıdırlar.
Müşavirədə çıxış edən N.Bayramov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.
Eyni zamanda, fövqəladə hadisələr zamanı mülki müdafiənin idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkil edilməsi və birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsi, mülki müdafiə dəstələri tərəfindən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi, əhalinin fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydaları üzrə maarifləndirilməsi, iştirakçıların fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili sahəsində bilik və bacarıqlarının artırılması təlimin əsas məqsədini təşkil edib.
Təlim zamanı şəhərin mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə şəhər rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, şəhərin mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin “xəbərdarlıq toplanış” siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.
Bundan əlavə, təlim iştirakçıları tərəfindən Nazirliyin xilasetmə qüvvələri ilə şəhərin mülki müdafiə qüvvələri arasında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı qarşılıqlı fəaliyyətin və idarəetmənin təşkili, xəsarət alanlara tibbi yardımın göstərilməsi, zərərçəkmiş əhalinin müvəqqəti olaraq təhlükəli zonalardan köcürülməsi və şəhərin həyat təminatının bərpası ilə bağlı tədbirlərin təşkili, qəza-bərpa işlərinin yerinə yetirilməsi tədbirləri də reallaşdırılıb.
Tədbirin gedişində şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin, Gəncə Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, şəhərin hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 432 nəfər şəxsi heyəti və 60 ədəd texnikası cəlb edilib.
Qeyd edək ki, bu kimi təlimlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.