Son günlər hava şəraitinin kəskin pisləşməsi fonunda Gəncə
şəhərində əsən güclü külək müəyyən fəsadlar törədib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
güclü küləyin təsirindən Gəncə şəhəri, Vaqif Qəmərli kuçəsində
yerləşən fərdi yaşayış evinin talvarının uçaraq mənzilə
giriş-çıxışın məhdudlaşması və ətraf üçün təhlükə yaranması barədə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş məlumat əsasında FHN-in Gəncə Regional Mərkəzinin
xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər xüsusi alət
və avadanlıqların köməyi ilə qeyd olunan fərdi yaşayış evinə
giriş-çıxışı bərpa edərək təhlükəni aradan qaldırıblar.
Bundan başqa, Gəncə şəhəri, Gülüstan yaşayış massivində
beşmərtəbəli, 6 blokdan ibarət yaşayış binasının dam örtüyünün bir
hissəsinin dağılaraq yerə tökülməsi nəticəsində yaranmış təhlükə
ilə əlaqədar əraziyə cəlb olunmuş Nazirliyin Gəncə Regional
Mərkəzinin xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik
tədbirləri görülüb.