Gəncədə bu xəstəyə 20 gündür yemək verilmir? – Video

Gəncədə bu xəstəyə 20 gündür yemək verilmir? – Video

Gəncədə Abbas Səhət adına 1 saylı şəhər xəstəxanasında vətəndaşın baxımsızlıqdan şikayətləndiyi videolar yayılıb. Videoda görünür ki, xəstə vətəndaş ağrıkəsici və yemək istəsə də onun çağrışlarına reaksiya verilmir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, sözügedən xəstəxana 2020-ci il Yanvarın 1-dən etibarən Səhiyyə Nazirliyində alınaraq TƏBİB-in nəzarətinə verilib.

AzerTimes xəbər verir ki, TƏBİB-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatda 1960-cı il təvəllüdlü vətəndaşın 19.09.2022-ci il tarixində saat 21:00 radələrində sağ bud sümüyünün sınığı diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya daxil olduğu bildirilib:

“Həkimlər tərəfindən dərhal vətəndaşa zəruri ilkin tibbi yardımlar göstərilib və palataya yerləşdirilib. Eyni zamanda, onun digər xəstəlikləri ilə bağlı müvafiq müayinələr həyata keçirilib və müalicəsinə başlanılıb. Vətəndaş xəstəxanaya daxil olduğu gündən etibarən həkim təyinatına uyğun olaraq onun müalicəsi aparılır və xəstəxanaya daxil olduğu gündən yəni – 19.09.2022-ci il tarixindən gündəlik qidalanma ilə də təmin olunur”.

TƏBİB-in mətbuat katibi Zamirə Adilova xəstənin ağrıkəsici üçün şikayətləndiyi videoya da münasibətini bildirib.

“Xəstəyə arzu etdiyi vaxt ağrıkəsici vurulması tibbi baxımdan heç bir halda doğru deyil. Ağrıkəsicinin nə vaxt və nə qədər vurulması həkim nəzarəti ilə tibbi göstəriş əsasında həyata keçirilir. Həmin xəstəyə də, lazimi qədər ağrıkəsici vurulub. Həmçinin video çəkilən zaman növbəti ağrıkəsici də hazırlanaraq xəstənin bədəninə yeridilib”.

Teqlər: