Gəncədə 35 şəhid və qazi ailəsinə baş çəkilib

Xəbər - Samir Əli – Trend:

Prezident İlham Əliyevin göstərişi ilə şəhər və rayon icra hakimiyyətlərində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbələrinin fəaliyyəti davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsi də şəhid ailələri və müharibə iştirakçılarının problemlərinin araşdırılması ilə bağlı tədbirlərini davam etdirir. Şöbə müdiri, Vətən müharibəsi iştirakçısı, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına” görə medalları ilə təltif olunmuş Ayxan Babayev AzerTimes-a açıqlamasında bildirib ki, şöbə əməkdaşları mütəmadi olaraq Vətən müharibəsi qazilərinin, şəhid ailələrinin müraciətlərinə dair tədbirlər görür, onları narahat edən məsələlərin, problemlərin həlli ilə bağlı işlər aparır: “Şöbənin əməkdaşları tərəfindən qazi və şəhid ailələri mütəmadi ziyarət edilir.

Gəncə şəhərinin Vətən müharibəsi şəhidlərinin ümumi sayı 112 nəfərdir. Onlardan 86-sı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, 26-sı isə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması zamanı şəhid olublar.


Gəncə şəhər rəhbərliyi tərəfindən bütün qazi və şəhid ailələri diqqətdə saxlanılırlar. İcra başçısı Niyazi Bayramov Vətən müharibəsində şəhid olan 86 şəhidin hər birinin ailə üzvlərinə baş çəkib”.

A. Babayev bildirib ki, rəhnərlik etdiyi şöbə bu günə qədər ümumilikdə 35 Şəhid ailəsi və qazi ailəsinə baş çəkib: “Onlardan 24-ü şəhid, qalanları isə qazi ailələridir. Şöbə kimi fəaliyyətimiz dövründə bizə 200-ə yaxin müraciət daxil olub. Öz səlahiyyətlərimiz çərcivəsində olan müraciətlər yerindəcə həllini tapmış,digər məzmunlu müraciətlər isə aidiyyati üzrə yönləndirilmişdir. Hazırda müraciətlərin daxil olması davam edir”.

Teqlər: