Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin regionda növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı ilə bağlı tezliklə elan veriləcəkdir. Bu layihə Agentliyin regionda inşa etdiyi ilk yaşayış kompleksdir.
Agentlikdən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində 6.23 hektar ərazidə yerləşən layihə 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 986 mənzil var. Bunlardan 48-i birotaqlı, 68-i studio tipli, 318-i ikiotaqlı, 466-sı üçotaqlı, 86-sı isə dördotaqlıdır.
Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olmaqla, mətbəx mebeli (qaz plitəsi və aspirator daxil olmaqla), kombi isitmə sistemi (kombi avadanlığı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilib. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” mənzillərə sahib olduğu andan sakinlərə təqdim ediləcəkdir.
Ərazidə yaşayış binaları ilə yanaşı, 1176 şagird yerlik orta təhsil məktəbi və 125 yerlik uşaq bağçası inşa edilmişdir. Ötən tədris ilində tam orta məktəb binası istifadəyə verilmişdir.
Həmçinin MİDA-nın digər layihələrində olduğu kimi Gəncə şəhərində inşa olunan Kompleksin ərazisində də yaşıllaşdırma və abadlıq işləri həyata keçirilmiş, sakinlər üçün istirahət guşələri yaradılmış, geniş həyətlər, uşaq oyun meydançaları istifadəyə verilmişdir.
Gəncə Yaşayış Kompleksi haqqında hazırlanmış video çarxı diqqətinizə təqdim edirik.