Gəncə vurulanda cınqırını çıxarmayanlar…

Gəncə vurulanda cınqırını çıxarmayanlar…

İki il bundan öncənin bu günü Gəncə ikinci dəfə Ermənistanın raket hücumlarına məruz qalmışdı. Bu, ilk deyildi, amma təəssüf ki, son da olmadı… Döyüş bölgəsindən km.-lərlə uzaqda yerləşən Gəncə şəhəri 2020-ci ilin oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən üst-üstə 5 dəfə raket atəşinə tutuldu:

04 oktyabr 2020 (saat 10:00),

8 oktyabr 2020,

11 oktyabr 2020,

17 oktyabr 2020 (02:00)…

Gəncə niyə raket atəşinə tutulurdu? Düşmən nəyi hədəfləyirdi? Bizcə:

– Əhali arasında çaxnaşma yaratmaq,

– Hərb meydanında Azərbaycan Silahlı Qüvvələrinin sürətli əks-hücümunu durdurmaq;

– Azərbaycanı “xətti deyil, səthi müdafiə”yə vadar etmək;

– Diqqəti ön cəbhədən yayındırmaq, dövlət-xalq birliyinə zərər vurmaq,

– cəmiyyətdə sualları çoxaltmaq, güvənsizlik, şübhə toxumları səpmək və s.

Əlbəttə, bu siyahını uzatmaq da olar.

Bütün hallarda bir məsələ dəqiqdir: erməni xislətinə uyğun olaraq, öldürmək, dağıtmaq; daha çox azərbaycanlı öldürmək, Azərbaycana ziyan vurmaq.

Lakin ermənilərin hesabları tərs düşdü. Xalq dövlətinə daha möhkəm sarıldı, qorxunu yenən əhali “Yalnız irəli!” hayqırdı. O günlərdə, qardaş Türkiyənin televiziyasına müsahibə verən gəncəli, yaşlı qazi demiş, düz dünya gördü ki: “Biz qan görəndə qorxmuyoruz, “naaborot” qızışıyoruz”…

Müharibədə qızıl ləyaqət göstərən Ordumuz Ermənistanın istənilən şəhərini istənilən an darmadağın etmək gücundə olsa da, mülki əhaliyə atəş acmağı öz şanına yaraşdırmadı.

Şanlı Azərbaycan Ordusu Gəncədə qanına qaltan edilən körpə, qadın və yaşlıların (ümumən dinc əhalinin) qisasını döyüş meydanında layiqincə aldı!

Azərbaycan Silahlı Qüvvələri oktyabrın 14-də, Gəncəyə 3-cü hücuma cavab olaraq, düşmənin Kəlbəcər istiqamətində yerləşən 3 R-17 Elbrus taktiki raketini məhv etdi.

Məhz o raketlərin Gəncə və Mingəçevir şəhərlərini hədəfə aldığı bildirildi.

Bundan 3 gün sonra, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Füzuli şəhərini və onun bir çox kəndini işğaldan azad edib. Xüsusi möhkəmləndirilmiş istehkamlarla keçilməz hala gətirilmiş Füzulinin azad edilməsi işğalçıların belini qıran çox önəmli hadisələrdən oldu.

Bəli, düşmən gözgörəsi müharibə cinayətləri törətdi, biz isə müharibəni də ləyaqətlə apardıq. Lakin bir çox ölkə və beynəlxalq qurum Ermənistanın müharibə cinayətlərinə hələ də susur. İndi Rusiya-Ukrayna müharibəsi fonunda onlarla ölkə, neçə-neçə beynəlxalq qurum və quruluş mütəşəkkil qaydada etirazlar edir – bu çox yaxşı haldır, biz də təqdir edirik. Amma və lakin! Beynəlxalq aləmin bizim əziz dostumuz Ukraynaya göstərdiyi həssasiyyətin yarısının yarısını Azərbaycana göstərməməsini normal izaha bağlamaq, məntiqlə yorumlamaq çətindir. Nə izah verəcəklər ki?

Gəncə, Bərdə raket atəşlərinə tutulub, mülki əhali həlak olanda cınqırını çıxarmayanların səmimiliyinə inanmaq olarmı? Yoxsa, andıra qalmış ikilistandartlar “institutu” bizimçünmü icad edilib?

Bəlkə Ermənistanın bizim şəhərləri, mülki əhalimizi (ozü də gecə saatlarında) bombalamasını kitab-dəftərə salmaq kitabsızların işinə yaramır?!

Neynək, Dəmir Yumruq sağ olsun!

Haqq nazilər, üzülməz!

Dövlətimiz zaval görməsin!

Teqlər: