Biz – ukraynalı deputatlar Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ərəfəsində Azərbaycanda səfərdəyik. Bu gün Gəncə şəhərini ziyarət etdik, ötən ilin oktyabrında burada mülki əhaliyə qarşı törədilmiş cinayət izlərinin şahidi olduq. Açıq-aydın görünür ki, bu terror aktı Azərbaycanı təxribata çəkmək üçün törədilib.
Trend xəbər verir ki, bu sözləri Gəncədə səfərdə olan ukraynalı deputat Valeri Kolyux deyib.
Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan V.Kolyux bildirib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsinə sevinir. “Təəssüf ki, sizin haqq mübarizənizdə dinc insanlar da həlak oldu. İndi Qarabağın inkişafı üçün addımlar atılır. Ukrayna olaraq biz gələcəkdə çiçəklənən Qarabağı görmək arzusundayıq”, – deyə ukraynalı qonaq əlavə edib.
Qeyd edək ki, Azərbaycana səfər edən Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.
Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri Gəncə bir neçə dəfə raket və ağır artilleriya hücumlarına məruz qalıb. Hücum zamanı aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.