Gəncə Memorial Kompleksi belə olacaq – Foto

Gəncə Memorial Kompleksi belə olacaq – Foto

Gəncə Memorial Kompleksi layihələndirilib. Kompleks 4 ha torpaq sahəsini əhatə edəcək.

AzerTimes xəbər verir ki, 17 oktyabr 2020-ci il tarixində 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi, qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutulub, həmin raket zərbələri nəticəsində 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirib, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır bədən xəsarətləri alıb.

Baş vermiş faciə nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən tapşırıqlar verilib və ərazidə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla Gəncə Memorial Kompleksinin layihələndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kompleksin təməli qoyulub.

Konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış Kompleks unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarətdir.

Memorial abidə 12 m dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada işlənilmiş, hədisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilmiş memarlıq nümunəsidir. Həmçinin muzey kompleksinin spiralvari formasının müşahidəsi üçün xüsusi sahələr planlaşdırılıb.

Kompleks ərazisində yerləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək, Gəncə hadisələrinin işıqlandırılmasında xüsusi rol oynayacaq. Bununla yanaşı, muzey binasından başqa raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub.

Burada şəhərin zərər dəymiş hissəsinin abadlaşdırılması və əhalinin istirahəti üçün geniş park da layihələndirilib.

Ərazidə həmçinin, 3 ədəd giriş tağları, 1 ədəd fəvvarə, mühəndis qurğuları olan 1 ədəd qazanxana, 1 ədəd transformator yarımstansiyası, 1 ədəd yeraltı nasosxana, 2 ədəd yeraltı içməli və yanğın əleyhinə su çənlərinin inşası planlaşdırılır.

Kompleksin ərazisində yeni layihələndirilən bina və qurğuların tikinti sahəsi 3 140.2 m² m², bütün yerüstü mərtəbələrinin sahəsi 3 542.2, konservasiya olunan binaların sahəsi 2 965.9 m² təşkil edir. Ərazidə yerləşən mövcud abidə 18.2 m² tikinti sahəsini əhatə edir.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə ayrı-ayrı zamanlarda raket zərbələri endirilib. İlk hücum 4 oktyabrda baş verib və 1 mülki şəxsin – Əliyev Tunar Qoşqar oğlunun şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib. Bu raket hücumu müharibənin getdiyi bölgədən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş verib və bu hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də təşkil olunub. Həlak olan və yaralanan olmayıb.

Düşmın oktybarın 11-də Gəncəyə dördüncü dəfə raket zərbələri endirib. Nəticədə 10 mülki şəxs şəhid olub və 40-dan çox insan yaralanıb. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş verib və atəşkəsin pozulması ilə nəticələnib.

Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verib. Hücum nəticəsində hər biri mülki şəxslər olmaqla 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib. Mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da olub.

Teqlər: