Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə ali təhsildə keyfiyyətin yaradılmasına, idarə edilməsinə və proqnozlaşdırılmasına, eləcə də keyfiyyətin qorunub saxlanmasında vacib amillərdən olan universitetdə əmək şəraitinin, daxili intizamın təşkilinə və təhsil müəssisəsində pandemiya ilə əlaqədar həyata keçirilən tədbirlərə həsr olunan Elmi Şuranın 2021-ci il üçün növbəti iclası keçirilmişdir.
İlk olaraq rektor professor Yusif Yusibov Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 100 illik Yubileyi münasibətilə universitetin 10 nəfər əməkdaşına verilmiş Yubiley döş nişanlarını, vəsiqələrini və hədiyyələrini təqdim etmiş, Elmi Şura üzvləri adından onlalara can sağlığı və elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.
Elmi Şuranı açan rektor Yusif Yusibov 2020/2021-ci tədris ilinin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılması və respublikamızda bir çox əlamətdar hadisələrin baş verməsi ilə yadda qaldığını diqqətə çatdırıb.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə GDU-nun müəllim övladlarının, 6 əməkdaşının, 49 tələbəsinin iştirak etdiyini, onlardan 16-sının şəhidlik zirvəsinə ucaldığını və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə onların müxtəlif medallarla təltif edildiyini qeyd edən rektor möhtəşəm qalibiyyətin əldə edilməsində GDU ailəsi üzvlərinin də pay sahibi olmasından böyük qürur və fəxarət hissi keçirdiyini bildirib.
Təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi, tələbə gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi sahəsində görülən işlərdən danışan Yusif Yusibov bildirmişdir ki, GDU-da yeni yaradılacaq Müharibə iştirakçılarının və Şəhidlərin guşəsində şəhid məzunlarımızın adlarının əbədiləşdirilməsi, onların ailələrinə diqqət göstərilməsi, qazi məzunlarla görüşlərin təşkili, cəsur əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolları, göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbələr, gənclər arasında təbliğ edilməli və bu istiqamətdə fəaliyyəti daha da gücləndirməlidir.
Pandemiyanın mövcud çətinliklərinə baxmayaraq, 2020/2021-ci tədris ilində GDU-da tədrisin məsafədən uğurlu təşkili, elmi fəaliyyətin genişlənməsi, sosial fəallığın artması, idarəetmənin təkmilləşdirilməsi və rəqəmsallaşması, beynəlxalq əməkdaşlığın güclənməsi və universitet tələbə yataqxanasının açılışından söhbət açan rektor bütün bunların dövlət tərəfindən ali təhsilə göstərilən yüksək diqqət və qayğı, tələbə və əməkdaşlarının həmrəyliyi və əzmkarlığı, əvvəlki tədris ilində qazanılmış təcrübə, mövcud vəziyyətə həssas, realistik yanaşma və çevik adaptasiya sayəsində mümkün olduğunu vurğulayıb.
Daha sonra 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyasının yekunu və 2021/2022-ci tədris ilində qarşıda duran vəzifələrə dair Tədris Departamentinin müdiri Elturan Yusibovun, Universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri haqqında İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun, Xüsusi karantin rejimi dövründə əyani təhsilin başlanması üçün universitetdə görülən işlər haqqında Baş müşavir Asif Cavadovun, Akkreditasiya Komissiyasının tövsiyyələri ilə əlaqədar hazırlanmış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərinə dair İnnovasiyalar Departamentinin müdiri Vasif Həsənovun hesabatları dinlənilmişdir.
Sonra rektor Yusif Yusibov prorektorların, fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin, eləcə də tədrisin keyfiyyətinə nəzarət komissiyalarının rəhbərlərinin və monitorinq qrupu üzvlərinin universitetdə dərslərin və nizam-intizamın təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələr arasında məmnuniyyətin təmin edilməsi, pandemiya ilə bağlı görülməsi vacib olan məsələlərlə bağlı tapşırıqlar vermişdir.
Elmi Şuranın sonunda cari məsələlər ətrafında müzakirələr aparılıb.