Xəbər - Elçin Mehdiyev – Trend:
İlk dəfədir ki, büdcə xərcləri 30 milyard manata yaxın nəzərdə tutulur və bunun da 46.4 faizi sosialyönümlü xərclərdir.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
B.Əliyev bildirib ki, pandemiya ilə yanaşı Vətən müharibəsində aparılan mübarizəni də nəzərə alsaq, bu uğurlu büdcədir:
“Bu gün azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən kifayət qədər vəsaitin ayrılması nəzərdə tutulur. Bu baxımdan büdcə zərfini çox yüksək qiymətləndiririk,” – deyə B.Əliyev bildirib.
Komitə sədri təhsillə bağlı xərclərdən də danışıb. O qeyd edib ki, təhsillə ilə bağlı böyük işlər görülür:
“Dövlət hesabına tələbə qəbulunun sayı xeyli artıb və bu da əhalinin ali təhsilə əlçatanlığını təmin etmək istiqamətində çox mühüm addımdır. Tələbə kreditləri ilə bağlı vəsaitin həcminin 102 milyon manata çatdırılması təhsilə göstərilən qayğının nümunəsidir. Həmçinin təklif edirik ki, təhsil krediti ilə yanaşı həm də həssas sosial qrupdan olan tələbələrin təhsillə bağlı ehtiyaclarının da qarşılanması nəzərə alınsın,” – deyə B.Əliyev əlavə edib.