Xarici mühitdə yüksək qeyri-müəyyənliklərin qaldığı şəraitdə növbəti ildə də ölkədə iqtisadi artımın davam edəcəyi proqnozlaşdırılır.
AzerTimes-ın Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatına istinadən məlumatına görə, COVID-19 virusunun yeni ştammlarının yaratdığı risklər və artan qeyri-müəyyənliklər şəraitində 2022-ci ildə qlobal iqtisadi artımın davam edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun oktyabr hesabatına əsasən qlobal iqtisadiyyatın 2022-ci ildə 4.9% artacağı proqnozlaşdırılır.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üzrə iqtisadi artım prosesinin peyvəndləmənin əhatə dairəsindən, məhdudiyyətlərin aradan götürülməsi müddətindən və həyata keçirilən stimullaşdırıcı tədbirlərin davamlılığından asılı olaraq fərqli dinamika ilə baş verəcəyi gözlənilir. İqtisadi artımın inkişaf etmiş ölkələrdə 4.5%, inkişaf etməkdə olan ölkələrdə isə 5.1% olacağı proqnozlaşdırılır. Təxirə salınmış tələbin sürətlə reallaşdırılması təklifin artımı ilə uzlaşmazsa, inflyasiya təzyiqlərinin davam edəcəyi gözlənilir. Müxtəlif stimullaşdırıcı proqramlar vasitəsilə fiskal dəstəyin və monetar siyasətin iqtisadi artım, məşğulluq və inflyasiya proseslərindən asılı olaraq dəyişəcəyi gözlənilir.
Qlobal təklifin genişləndiyi şəraitdə dünya əmtəə qiymətlərindəki artımın nisbətən səngiyəcəyi proqnozlaşdırılır. Qlobal istiləşmə ilə bağlı artan problemlərin növbəti ildə də dünya ərzaq qiymətlərinə təsir göstərəcəyi istisna olunmur.
Neftin dünya qiyməti növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC++ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaqdır. Başlıca analitik mərkəzlər tərəfindən (BVF, Dünya Bankı, ABŞ Enerji Agentliyi, Standard Chartered, Fitch, Barclays və s.) 2022-ci ilə konsensus qiymət 1 barelə görə 70.9 ABŞ dolları, o cümlədən BVF tərəfindən 64.5 ABŞ dolları səviyyəsində qiymətləndirilir. Ümumilikdə 2022-ci ildə dünyada neftə tələbin artmaqda davam edəcəyi proqnozlaşdırılır.
Qlobal əmtəə qiymətlərinin dinamikası dünya ölkələrində inflyasiya proseslərinə təsir göstərən amillərdən biri olaraq qalacaqdır. İnflyasiyanın 2022-ci ildə də bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yüksək olacağı istisna edilmir. Bu, əsasən dünya ərzaq qiymətlərindən qaynaqlanan təzyiqlər və idxalçılar üçün yüksələn enerji daşıyıcıları qiymətlərilə bağlıdır.
Qlobal logistik zəncirdə qısamüddətli pozulmalara baxmayaraq, qlobal ticarət həcminin 2022-ci ildə 6.7% artacağı proqnozlaşdırılır. Əmtəə ticarəti ilə müqayisədə xidmət ticarətinin daha zəif templərlə bərpası gözlənilir.
2022-ci ildə qlobal tələbin genişlənməsi və bu şəraitdə neft qiymətinin dinamikası, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft ixracının dinamikası Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır. Qiymətləndirmələrə görə 2022-ci ildə neftin hətta 50 ABŞ dolları qiymətində tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in təxminən 4%-i səviyyəsində profisit gözlənilir.
Azərbaycan iqtisadiyyatının real sektorunda cari ildə başlamış artımın 2022-ci ildə davam edəcəyi proqnozlaşdırılır. Rəsmi proqnozlara görə 2022-ci ildə real iqtisadi artım tempinin 3.9%, o cümlədən qeyri-neft sektoru üzrə 4.9% olacağı gözlənilir. Sosial təcrid tədbirlərinin yumşaldılması, stimullaşdırıcı makroiqtisadi siyasətin davam etdirilməsi, özəl investisiyaların artımının tədricən sürətlənməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin həyata keçirilməsi, kontr-tsiklik fiskal siyasət və makroiqtisadi sabitlik iqtisadi artım proqnozunun əsasını təşkil edir.
2022-ci ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaqdır. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 2021-ci ilə nəzərən 4.7% artacağı gözlənilir. Növbəti ildən büdcə qaydasının təkmilləşdirilməsi və tətbiqin bərpa edilməsi ilə qeyri-neft fiskal kəsirin azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.