Gələn il Azərbaycan əhalisinin gəlirləri artacaq – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Yaxın və orta dövrdə Azərbaycanda iqtisadi və sosial artım templəri də ümidverici və nikbindir. Proqnozlara əsasən, növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2025-ci ildə 77,3 milyard manata, xərclərinin isə 69,8 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır. Əhalinin gəlirləri 2021-ci ildə 742,8 manatdan 2022-ci ildə 794,5 manata çatacaq ki, bu da uğurlu sosial dövlət siyasətinin mühüm nəticəsidir.

Bunu AzerTimes-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, 2022-ci ilin büdcə layihəsi dayanıqlı inkişaf və layiqli sosial rifahın təmin edilməsini nəzərdə tutur.

“Növbəti ilin büdcə siyasəti dövlətin əsas funksiyalarının, o cümlədən Qarabağın və Şərqi Zəngəzur iqtisadi regionlarının davamlı quruculuq işlərinin aparılması, sosial təminat, səhiyyə, təhsil, müdafiə və təhlükəsizlik, dövlət borcu, prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsini, əhalinin sosial rifahının qorunmasına yönəlmiş tədbirləri və iqtisadi artımın davamlılığının dəstəklənməsini nəzərdə tutur” – deyə, deputat bildirib.


O qeyd edib ki, 2022-ci ildə dövlət büdcəsi ölkəmizin mühüm dövlət konsepsiyalarına, xüsusilə də yeni çağırışları özündə əks etdirən “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər” sənədinə əsaslanır.

“Hökumətin 2022-ci il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəricilərinə əsasən, baza ssenaridə (neftin bir barelinin orta illik qiyməti 2021-2022-ci illər üzrə 55 dollar, 2023-2025-ci illər üzrə 50 dollar) cari ildə ölkədə ÜDM-in real artımı 4,6 faiz olmaqla 82,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 5,2 faiz olmaqla 55,1 milyard manat təşkil edəcəkdir. Proqnozlara əsasən ortamüddətli dövrdə iqtisadi artım templərinin bərpa edilməsi ilə ölkədə ÜDM-in həcminin 2022-ci ilin sonuna 87,5 milyard manat, 2025-ci ildə isə 102,6 milyard manata qədər artacağı gözlənilir. Bütün bu inkişaf sütunları dövlət büdcəsinin də güclü maliyyə əsaslarını təşkil edəcəkdir.

Beləliklə, gələn il büdcənin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5 faizini təşkil edəcəkdir. Gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur. Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək” – deyə, deputat bildirib.

Teqlər: