Gələn həftə Bakı idman gimnastikası üzrə FIG Dünya Kubokuna ev sahibliyi edəcək

Martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenası daha bir
mötəbər yarışa – Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya
Kubokuna ev sahibliyi edəcək.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, ölkəmizin
gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq
yarışda qeydiyyat siyahısına əsasən 35 ölkədən 151 idmançı
qüvvəsini sınayacaq.

Qeyd edək ki, dörd günlük yarışların ilk iki günü təsnifat,
sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara
ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər),
Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik),
İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar,
turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (haqla), Samirə
Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst
hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar,
gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Ən güclü idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi
olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada
https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə
bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final
mərhələlərinə isə 12 manat təşkil edir.. Yarışlarda tamaşaçı
qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı
peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə,
COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş
sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla)
malik olmalıdırlar.

Yarışlar haqda məlumatlar mütəmadi olaraq saytımızda
(www.agf.az) yenilənəcək.
Yarışlar hər gün saat 12:00-da başlayacaq.

Teqlər: