Gədəbəydə yenidən aksiya başlayıb: yenidən polislə toqquşma üçün bütün şərait hazırlanıb: kameralar “köklənib”, çəkiliş qrupları orda, bütün zorakılıqları anında sosial şəbəkələrdə və Avropada yaymaq üçün “təşkilati işlər” tamamlanıb.
Nə baş verir?
Tanınmış jurnalist Zülfüqar Xeyirxəbər olduqca maraqlı informasiya yayıb. Yazır ki, o süni göl – deyildi kimi, tullantıların axıdıldığı ərazi – 2012-ci ildə yaradılıb. Tam 11 ildir ordadır. Bəs, insanlar niyə indi hərəkətə keçəsi oldular?
Baxın görüntülərə: aksiyaya çıxan kənd adamlarının əlindəki 10-15 banneri görürsünüzmü? O qədər keyfiyyətli, yüksək səviyyədədir ki! Həm də plakat deyil, vinildir. O vinil-plakatları Gədəbəyin Söyüdlü kəndində aksiyaya çıxan yaşlı qadınlar hazırlayıb, eləmi? O qadınlar, uşaqlar əllərində qaldırdıqları vinilin birinin neçəyə başa gəldiyini təsəvvür belə etmirlər.
Bakının özündə o keyfiyyətdə vinil-plakat hazırlamaq üçün neçə gün vaxt və nə qədər pul lazım olduğunu hər kəs yaxşı bilir. O səviyyəli plakat-vinili Gədəbəy şəhərinin özündə hazırlayan bir qurum-özəl şirkətin olması mümkün deyil!
Aksiyaya baxın: əksəriyyəti qadınlar, həm də yaşlı qadınlar və uşaqlardır. Niyə yaşlı qadınlar? Niyə kişilər orda deyil? Niyə analara qarşı aqressiya görüntüsü yaradılır? Kimdir bunu təşkil edən?
Kimdirsə, çox eybəcər bir təşkilatçılıq edir; kimdirsə, ana-bacıların, uşaqların arxasında çox eybəcərcəsinə gizlənib.
Dünəndən bütün erməni sosial şəbəkələrində lağ obyekti olmuşuq; bütün dünya erməniləri bu aksiyadan kadrları paylaşıb, bizə qarşı böyük bir kampaniya aparır. Sabah bu kadrları kimlərəsə AŞPA-da, Konqresdə, Senatda… göstərib, Azərbaycanda ermənilərin hüquqlarını qorumağın mümkün olmayacağını deyəcəklər – artıq bu barədə bağırmağa başlayıblar.
Kimdir bu aksiyanın maliyyəçisi? Hədəfi hər nədirsə, bunun siyasi zərbələri çox ağırdır, artıq bizə, ölkəmizə, dövlətimizə, milli hədəflərimizə çox pis formada dəyir – arxadan saplanan bıçaq kimi.
Ciddi oyundur, təşkil olunmuş bir aksiyadır, məkrli, düşmənə işləyən təbliğatdır.
Bunu görmək o rayonun icra başçısının boynunun borcu idi; bunu görmək Gədəbəyin millət vəkilinin vəzifəsi idi.
Dünəndən millət vəkili tapılmır – halbuki artıq orada olmalı idi;
Dünəndən biz icra başçısını o camaatın qabağına çıxan görmürük – halbuki anında hadisə yerinə getməli idi;
Dünəndən biz ancaq polislə qarşıdurmaları seyr edirik və yəqin ki, bu gün də analoji vəziyyət olacaq.
Polisin işi yoxdur orda! Polis-vətəndaş qarşıdurması görüntüsünü yaratmağa qəti imkan vermək olmaz! Polisin, hüquq-mühafizə orqanlarının işi bu hadisənin arxasında durub, onlarla yüksək səviyyəli, bahalı vinili o kənd camaatının əlinə verib, onları küçələrə bu cür çıxmağa vadar edəni tapmaqdır.
Əhalinin önünə isə icra başçısı, millət vəkili, o süni göldən nümunələr götürüb, onun zərərli olub-olmadığını aydınlaşdıracaq mütəxəssislər, qurumlar çıxmalıdır.
Bu ölkəni ən ciddi, taleyüklü bir məqamda qarışdırmaq istəyən güclər çoxdur: heç kəsə imkan verilməməlidir ki, əhalini manipulyasiya etsin. Əhalinin manipulyasiya olunmamasının cavabdehi isə rayon başçısıdır, deputatdır, təbliğat qurumlarıdır, ziyalılardır.
İndiyə qədər onlar hərəkətə keçib, bu oyunun qarşısını alıb, insanlara həqiqəti izah edə bilməyiblərsə, günahı oyun quranlarda yox, onlarda axtaracağıq…