Gədəbəydə polis əməkdaşlarını təhqir edən şəxs həbs olunub.
AzerTimes Unikal.org-a istinadən xəbər verir ki, rayonun Qumlu kənd sakini Akif İsmayılov (soyad şərtidir) ata evindən özünə məxsus divanı götürmək istəyərkən anası və qardaşı onu döyüblər. A. İsmayılov Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşları isə işin araşdırılacağını bildiriblər.
Lakin sonradan o, yenidən ata evinə gəlib və divanı götürmək istəyib. Anası, bacısı və qardaşı onu yenidən döyüblər.
Bundan sonra Akifin anası, qardaşları, bacıları və qonşuları Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edərək onun kənd ərazisində nalayiq söyüşlər söydüyünü bildiriblər. Gədəbəy Rayon Polis Şöbəsinə aparılan A. İsmayılov polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyüb, dövlət orqanlarını təhqir edib. Eyni zamanda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
A. İsmayılov barəsinə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub. Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.