Gədəbəyin Söyüdlü kəndində son iki gündə baş verən hadisələr incələnməli və mütləq şəkildə dərs çıxarılmalıdır.
Bu hadisə nəyi sübut etdi?
Etiraza qalxan sadə insanlar ətrafında qısa müddətdə böyük ajiotaj yarandı: sosial şəbəkələrdə yayılan görüntülər sürətlə ölkə hüdudlarını aşdı, ölkə daxilində bir “ekoaksiya”ya qarşı necə bir zorakılıq nümayiş etdirildiyini düşmənlər müqayisəli şəkildə dünyaya yaydılar.
Ermənilər elə bunu gözləyirdi və yaxud buna hazırlaşırdı: Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların məsuliyyət zonasında mədənlərin istismarında ətraf mühitə vurulan ziyana görə Şuşa yaxınlığında ekofəalların aylarla davam edən aksiyası yenicə başa çatmışdı. Bu aksiya yüksək səviyyədə təşkil edilmişdi – dünyanın hazırda həssaslıqla yanaşdığı bir məsələ üzərindən ciddi ictimai akt həyata keçirilmiş və müsbət milli-siyasi nəticələrini də görmüşdük.
Məhz ordan vurulduq – indi ermənilərin hansı kampaniya apardığını təsəvvür edə bilərsiniz: Azərbaycanda polis zorakılığı, ekoaksiyaya qarşı qeyri-normal münasibət, Xankəndi yolundakı aksiyanın “siyasiliyi” və s.
Gədəbəydəki aksiyanın təşkil olunduğuna heç bir şübhə yoxdur: kim edib, arxasında hansı qüvvə dayanır? Bəlkə atasından mirası təhvil alan Aleksandrın “siyasi hədəfləri böyüdəcəm” mesajının ilk təsiridir? Yaxud erməni donorların maliyələşdirdiyi hansısa qurumlardır? Yainki xarici xüsusi xidmət orqanlarının əməlidir? Bəlkə də siyasi nəticəsini hesablamayan hansısa yerli sahibkarın və ya sahibkarların təşəbbüsüdür?
Bu, ayrı mövzudur və bu barədə artıq fikirlərimizi bildirmişik. Məsələ ondadır ki, arxasında nəyin, kimin, hansı məkrin durmasından asılı olmayaraq, bu aksiya zamanı yerli hakimiyyətin hazırlıqsızlığı, siyasi çevikliyinin olmaması üzə çıxdı.
Azərbaycan elə bir coğrafi ərazidə yerləşir və hazırda regionumuzda elə proseslər gedir ki – xüsusilə 44 günlük müharibədən sonra – xarici xüsusi xidmət orqanlarından tutmuş müxtəlif beynəlxalq donor təşkilatlarına qədər, ölkəmizə nüfuz etmək uğrunda çalışırlar. Yalnız İran və Rusiyanın ölkəmizlə bağlı hansı hədəfləri olduğunu bilmək kifayətdir ki, bölgədə nələrin, hansı təxribatların və yaxud insanların narazılığından necə sui-istifadənin ola biləcəyini təxmin edəsən.
Gədəbəydəki yerli siyasi hakimiyyət bacarmadı – yenə iş böyüdü, yenə Bakı müdaxilə etdi, yenə NK, nazirliklər işə qarışdı…
Prosesi yerli qurumlar necə böyütdü?
1. Narazılıq olub, bu aksiyaya qədər müraciətlər də edilib – icra başçısı, müavini, yerli strukturlar Söyüdlü kəndinə gedib, əhali ilə görüş keçirməyiblər; sakinlərin müraciətlərinə dərhal reaksiya verilməyib; sakinlərin süni gölün zəhərli tullantılarının ətraf ərazilərə fəsadları ilə bağlı iddialarına görə yerli mütəxəssislər kənd sakinlərinin iştirakı ilə monitorinq aparmayıblar…
Demək ki, kimlərsə bu situasiyanı öz məkrli niyyəti üçün daha münasib görüb və bundan əhalini manipulyasiya etmək məqsədilə istifadə edib;
2. Aksiya başlayanda əhalinin heç bir halda bəraət verilməyəcək aqressiv hərəkətlərinə qarşı dərhal polis müdaxiləsi məqbul sayılıb. Xüsusi təyinatlı polislər isə əhalinin daş-qalaq etdiyi konkret sahəni qorumaq əvəzinə, aksiyaçıları dağıtmağa üstünlük veriblər;
3. O insanlar şəhərin mərkəzində yol kəsməyib, gediş-gəlişə mane olmur: dağın başıdır. Polis yalnız öz qalxanları ilə bəlli obyekti qorusa, kifayət idi. Onların xüsusi müdaxiləsinə ehtiyac yox idi.
Bu qeyri-peşəkar və qeyri-həssas yanaşma aksiyanı indiki kritik siyasi şəraitdə ölkəmizin milli maraqlarına təhdid yaradacaq səviyyəyə yüksəltdi.
Yerli qurumlar niyə bacarmır?
Yerli icra qurumlarının əhalinin içində olması vacibdir. Gördük ki, aksiyanın ikinci günündə, hadisələrin daha qızğın çağında icra başçısının əhalinin içinə getməsi ehtirasların üzərinə su səpdi – baxmayaraq ki, gənc başçı heç də tam adekvat deyildi.
Bəs, aksiyanın elə ilk dəqiqələrindən başçı o əhalinin qabağına çıxsa, bütün suallara cavab versə, gecikmiş, ən son anda belə olsa, əhali ilə birgə hərəkət etsə, nə olardı?
Onda polisə ehtiyac olmayacaqdı, hazırda sosial şəbəkələrdə çox aqressiv görüntülər yayılmayacaqdı, proses bu səviyyəyə gəlib çıxmayacaqdı.
Başçı “mühüm tədbirə görə” bütün günü məşğul olmasından bəhs edir və əhali ilə görüşünün bir sutka gecikməsini bununla əsaslandırır.
Ölkədə xırdaca bir yanğın olanda prezidentlər rəsmi dövlət səfərlərini təxirə salır, görüşlərini, tədbirləri ləğv edir; Söyüdlüdə əhali aksiyaya çıxıb, onların önünə polis göndərən icra başçısı, görəsən, hansı “mühüm” toplantıda imiş – həm də bütün günü?..
Halbuki icra başçısına mərkəzdən qəti göstəriş verildiyi, əhali ilə görüşə və onların şikayətini dinləməyə göndərildiyini təxmin etmək çətin deyil.
Yerlərdəki ən xırda problemlərin bu qədər böyüməsi, nəhayət, paytaxtın məsələyə açıq müdaxiləsini şərtləndirməsinin səbəbi odur ki:
– yerli hakimiyyətlər siyasi baxımdan arzulanan hazırlıqda deyillər;
– yerli qurumlar Azərbaycanın necə həssas regionda yerləşdiyini və bütün dünyanın gözünün burda olduğunu dərk etmirlər;
– yerli qurumlar əhali ilə sıx işləmirlər, “o anaların balası” olmaq istəmirlər, onların yanında deyil, qarşılarında olurlar;
– yerli qurumlar əhaliyə yuxarıdan aşağı baxırlar;
– başçılar kabinetdən çıxmır, heç kabinetə də adam buraxmırlar, kənd-kənd, oba-oba gəzmirlər.
Gədəbəy olayı bir daha göstərdi ki, yerli icra başçıları siyasi prosesləri duyan, ictimaiyyətlə işləməyi bacaran, yetkin, müdrik, peşəkar, zəhmətkeş olmalıdır, xalqa xidmət etdiyinin, xalqın çörəyini yediyinin fərqində olmalı, dövlətin ona nəyi etibar etdiyini dərk etməlidir.
Dərk edirlərmi?..