Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan Gazelli Group şirkəti 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə ordumuza və şanlı Qələbəmizə həsr olunan DASTAN Parfümunu ictimaiyyətə təqdim edib.
AzerTimes-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən Gazelli Group Şirkətinin direktoru Nərmin İsmayılova bildirib ki, 20 ildən artıq fəaliyyəti dövründə Gazelli Group ölkəmizin kosmetik məhsulları ilə təminatında əsas rolu oynamaqla yanaşı, sosial fəaliyyəti ilə də daim Azərbaycan dövlətinin və xalqının yanında olmağa çalışıb. Eləcə də 2020-ci ildə şanlı Qələbəmizlə başa çatmış Vətən müharibəsi dövründə şirkət tərəfindən ordumuza, xalqımıza və dövlətimizə dəstək göstərilib. Nərmin İsmayılovanın sözlərinə görə, DASTAN Parfümunun yaranma ideyası Zəfər Günümüz – 8 noyabr tarixinə təsadüf edir: “Azərbaycan əsgəri müzəffər baş komandan İlham Əliyevin rəhbərliyi ilə əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Bu da bizi daim Qələbəmizi xatırladacaq DASTAN Ətrini yaratmağa ruhlandırıb. DASTAN ətri əsl qəhrəmanlar üçün yaradılıb. Müzəffər, möhkəm, iradəli, güclülərin ətridir”. Nərmin İsmayılova əlavə edib ki, bu layihənin özəlliyi ondadır ki, DASTAN Parfümünun satışından əldə olunacaq gəlir “Yaşat Fondu”na köçürüləcək.
Çıxış edən Yaşat Fondunun sədr müavini Rəbiyyə Cəfərova Gazelli Groupun bu təşəbbüsünü yüksək qiymətləndirərək, özəl sektorun nümayəndələrini analoji layihələri reallaşdırmağa çağırıb. Çünki hər bir belə layihə Vətən uğrunda canlarından keçmiş şəhid ailələrinin və sağlamlıqlarını itirmiş qazilərimizin həyat şəraitlərinin yaxşılaşdırılması üçün əhəmiyyətli dəstək olur. Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova da Gazelli Groupun bu layihəsini nümunəvi adlandırıb. Bildirib ki, Qələbəmizin rəmzləri nə qədər çox olsa, dünya ictimaiyyətinin Qarabağ mövzusundan məlumatlandırılması prosesi bir o qədər də əlçatan olacaq. Qarabağ müharibəsi veteranları isə çıxışlarında heç zaman unudulmadıqlarını dilə gətirərək, Gazelli Groupa Silahlı Qüvvələr Günü münasibəti ilə onlara belə fərqli hədiyyə hazırladığı üçün təşəkkürlərini bildiriblər.