G20 ölkələri Roma sammitinin yekunları üzrə kommünike qəbul ediblər

Romada keçirilən “Böyük iyirmilik” (G20) sammitində yekun Kommünike qəbul edilib.

Trend-in məlumatına görə, G20 ölkələrinin liderləri bir sıra məsələlərdə razılıq əldə ediblər.

Belə ki, liderlər iqlim dəyişikliyi, qlobal çağırışlar, rəqəmsal iqtisadiyyat, bərabərsizliklə mübarizə, korporativ vergi, istehsalçılar və istehlakçılar arasında dialoq, internetdə təhlükəsizlik, mədəni irs, tibbi xidmətlərin davamlılığı və bir sıra digər məsələlər üzrə razılaşıblar.


G20 liderlərinin yekun kommünikesində 21-ci əsrin ortalarına qədər qlobal karbon neytrallığına nail olmaq zərurəti, qlobal istiləşmənin dəyişikliyinin 1,5 dərəcədən çox olmamaqla məhdudlaşdırılması, tədarük zəncirinin pozulmaması da daxil olmaqla, iqtisadiyyatlara təsir edən qlobal çağırışlarla mübarizə, açıq və ədalətli rəqəmsal iqtisadiyyatın yaradılması üçün dövlət siyasətinin vacibliyi, bərabərsizliyi azaltmaq və yoxsulluğu aradan qaldırmaq üçün sosial təhlükəsizlik sistemlərinin gücləndirilməsi, transmilli korporasiyalar üçün 15% səviyyəsində minimum qlobal verginin tətbiq edilməsi, enerji istehsalçıları və istehlakçıları arasında dialoqun asanlaşdırılması, internetdə sərbəst məlumat ötürülməsinin vacibliyi, rəqəmsal mühitdə təhlükəsizliyin yaxşılaşdırılması, mədəni abidələrə qarşı təhlükələrin aradan qaldırılması və mədəni irsin qorunması və sair məsələlər yer alıb.