Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin ərazisindəki ehtimal edilən kütləvi məzarlıqda minalar var.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu ANAMA nümayəndəsi Vüsal Quliyev beynəlxalq səyahətçilər qrupu ilə birgə Füzuli rayonunun İşıqlı kəndində minatəmizləmə əməliyyatlarını izləyərkən əcnəbi səyyahlara məlumat verərkən deyib.
O, istehkamçıların Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş azərbaycanlıların kütləvi məzarlıqları ilə bağlı faktların araşdırılmasına və bu kütləvi məzarların aşkarlanmasına köməklik göstərdiklərini bildirib.
“Belə faktların baş verdiyi Kəlbəcərin Başlıbel və Xocavəndin Edilli kəndlərindən sonra hazırda Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də işlər aparılır. Lakin ərazinin minalarla çirklənməsi səbəbindən işlər çox çətin irəliləyir”, – ANAMA nünayəndəsi söyləyib.
Onun sözlərinə görə, 2020-ci il Vətən Müharibəsindən indiyədək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 81 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib, onlardan 14 minə yaxını tank əleyhinə minalar olub.