Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği istiqamətində keçirilən “İnnovasiya Festivalı” öz işini davam etdirir.
AzerTimes-ın qarabağ bürosunun məlumatına görə, festivalın növbəti məkanı Füzuli rayonu olub. Festivalda daş toplayan, daş xırdalayan, press bağlayan, aqrodron, aqro-robot, yem konteyneri, feremonlu tələ, “Axınlı Şan” tipli bal arısı yeşikləri, həmçinin raps, kinoa, amarant, maralfalfa kimi alternativ yem bitkilərinin təqdimatı keçirilib.
Festivalda yem konteyneri qurğusu vasitəsilə buğda, arpa həmçinin qarğıdalı bitkisindən əldə olunmuş yaşıl yemin nümayişi keçirilib. Fermerlərin böyük marağına səbəb olan yaşıl yem konteyneri heyvandarlıq sahəsi üçün ekoloji baxımdan təmiz, qidalı yaşıl yem hazırlayan qurğudur. Bu mobil konteynerler və stasionar kompleksler 7 gün müddətində toxumluq dəni yaşıl yemə çevirmək qabiliyyətinə malikdir. Tədbirdə iştirak edən fermerlərə torpaq, su və digər resurslara qənaət etməklə fasiləsiz olaraq ilin bütün fəsilləri üçün yaşıl yem əldə etməyin səmərəliliyi barədə məlumat verilib.
Həmçinin festivalda digər kənd təsərrüfatlı əhəmiyyətli qurğuların nümayişi keçirilib.
Daş xırdalayan qurğu- aqreqat daşlı sahələr, meyvə bağları, istixanalar ümumilikdə kənd təsərrüfatı üçün innovativ avadanlıqdır. Daşlı torpaqlarda yüksək məhsuldarlıq və iş səmərəliliyini artıran daşqırıcı daşları xırdalayaraq torpağa qatmaqla mühiti minerallarla zənginləşdirirək bununla gübrə istifadəsini azaltmış olur.
Hidravlik otbiçən- hidravlik porşen sayəsində yol və iş vəziyyəti tənzimlənə bilir. 3 nöqtəli qoşulma sistemi sayəsində unikal dizayna və güclü şassiyə malikdir. Bıçaq dəyişdirmə açarı sayəsində bıçaqların praktiki dəyişdirilməsi mümkündür.
Gübrəsəpən- yığcam dizaynı, komfortu ilə seçilən və asan idarə olunan qanadlar sayəsində mükəmməl gübrəsəpmə imkanlarına malikdir. Bu qurğu fermerin işini yüngülləşdirməklə vaxta və əlavə enerjiyə qənaət edir.
Tədbir zamanı iştirakçılara yaşıl yemə daha çox tələb olduğu dövrdə keyfiyyətli yaşıl yem kimi raps bitkisinin becərilməsinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Raps əsasən kənd təsərrüfatı heyvanları üçün şrot, jmıx kimi yüksək kalorili yem istehsalında tətbiq edilir. Bitkinin yağ istehsalından sonra qalmış qalığı kənd təsərrüfatı heyvanları üçün dəyərli və yüksək kalorili yem növlərindən olan şrot istehsalında istifadə olunur. Şrotun həm yem kimi, həm də yem əlavəsi kimi heyvanlara verilməsi südün yağlılıq faizini və süd istehsalını artırır. Məişətdə bitki yağı kimi istifadə olunur ki, bu da bitkinin iqtisadi baxımdan gəlir mənbəyi kimi becərilməsini zəruri edir.
Kinoa ölkəmizdə yeni tanınan bir qida növüdür. Heyvani qida qaynağı hesab olan bu bitki dünyada çox yayılmasa da, tərkibindəki protein və yağ kütləsinə görə seçilir. Bitkinin dənindən, yaşıl kütləsindən, həmçinin yarpağından da istifadə edilir. Həm insan qidasının həm də heyvanların yem bazasının əsasını təşkil edir.
Ölkəmizdə əhalinin qidaya olan tələbatının ödənilməsində eləcə də heyvanların, quşların yemləndirilməsində dənli bitkilər arasında amarant bitkisinin potensial imkanları çoxdur. Tərkibi qida maddələri ilə zəngin olan bu bitki həm dən, həm də yaşıl kütlə məhsuldarlığına görə çox əhəmiyyətlidir.
Yüksək protein və enerji dəyərinə malik maralfalfa bitkisi heyvandarlıq sahəsi üçün alternativ qida mənbəyidir. Ölkəmizdə bu bitkinin geniş şəkildə əkininin aparılması bahalı qaba yem probleminin həllinə zəmin yaratmış olacaq.
Yüksək qidalılıq və məhsuldarlıq xüsusiyyətlərinə malik bu bitkilərin işğaldan azad olunmuş ərazilərdə tətbiqi kənd təsərrüfatı sahəsi üçün böyük perspektivlər vəd edir.
Festivalda bitki zərərvericilərinə qarşı bioloji mübarizə vasitəsi olan feremonlu tələlərin nümayişi keçirilib. Feremon tutucular anbar və saxlama kameralarında zərərvericilərin yayılma səviyyəsinin təyin edilməsində, bitki zərərvericilərinin inkişafının proqnozlaşdırılmasında, karantin zərərvericilərin aşkar edilməsində tətbiq olunur. Orqanik məhsul istehsalında geniş tətbiq edilməsi, məhsulda toksin qalığı yaratmaması, torpağa, suya və canlılara mənfi təsir etməməsi feremonlu tələlərin ekoloji baxımdan üstünlüyünü sübut edir.
Həmçinin tədbirdə soxulcan gübrəsi istehsalının texnoloji proseslərini aqrar istehsalçılara aşılamaq məqsədilə biohumus gübrəsinin təqdimatı keçirilib. Bu gübrədən əkin sahəsi üçün məhsuldarlığı artıran üzvi maddə kimi istifadə edilir.
Festivalda axınlı şan tipli bal arısı yeşikləri nümayiş olunub ki, bu innovativ yeşiklərlə arı pətəyinə hər hansı bir müdaxilə edilmədən bal xüsusi texnologiyalarla süzülür.
İştirakçılar tərəfindən maraqla qarşılanan festivalın ölkənin digər regionlarında da davam etdiriləcəyi nəzərdə tutulur.