Füzulidə çoxmərtəbəli binaların tikintisi üçün smeta sənədlərinin hazırlanması tezliklə başa çatacaq – MİDA

Xəbər - Fərid Zöhrabov – Trend:

Füzuli rayonunda çoxmənzilli binaların layihə – smeta
sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa
çatdırılacaqdır.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) AzerTimes-a verilən məlumata görə, bu
sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin
yerinə yetirilməsi üçün açıq tenderlər qanunvericilikdə nəzərdə
tutulmuş qaydada elan ediləcəkdir.

“Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq
işğal altında olan torpaqlarımızı azad etməsi, ölkəmizin ərazi
bütövlüyünün bərpa olunması tarixi hadisədir.

Vətən müharibəsinin başa çatdığı ilk gündən Prezident İlham
Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə Qarabağın işğaldan
azad olunmuş ərazilərində əsas mühəndis–kommunikasiyaların bərpası
və zəruri infrastrukturun yaradılması istiqamətində tədbirlər
həyata keçirilməklə irimiqyaslı layihələrin icrasına
başlanılmışdır. Bu ərazilərin dirçəldilməsi və Qarabağa “Böyük
Qayıdış”ın təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı
işlər məhz dövlət başçısının böyük əzmkarlığı, qətiyyəti və güclü
siyasi iradəsinə əsaslanır.

Ötən müddət ərzində azad edilmiş ərazilərdə başlanılan bərpa,
quruculuq, abadlıq işləri hazırda da uğurla və sürətlə davam
etdirilir, əhalinin doğma yurdlarında daimi məskunlaşmasının təmin
edilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər və
rayonlarımıza dəfələrlə səfərlər etməsi, qarşıya yeni inkişaf
istiqamətləri, vəzifələr qoyması həmin ərazilərdə bərpa işlərinin
aparılması ilə bağlı imzaladığı mühüm sənədlər bu torpaqların qısa
müddətdə dirçələcəyindən və vətəndaşlarımızın layiqli yaşayışının
təmin ediləcəyindən xəbər verir.

Ölkə başçısının işğaldan azad edilmiş ərazilərdə yaşayış
massivlərinin inşası ilə bağlı müvafiq göstərişlərinə əsasən işlər
uğurla davam etdirilməkdədir. Füzuli şəhərində cənab Prezident
İlham Əliyev tərəfindən təməli qoyulmuş yaşayış məhəlləsinin
tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılmışdır.
Agentlik işlərin ən yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün
lazım olan bütün tədbirlərin həyata keçirilməsini davam etdirir.
Artıq yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün
açıq tender elan edilmişdir. Ənənəviliklə müasirliyin vəhdət təşkil
edəcəyi məhəllədə yerləşən çoxmənzilli binaların layihə – smeta
sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa
çatdırılacaqdır. Bu sənədlər dövlət ekspertizasından keçdikdən
sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər
qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan ediləcəkdir”, –
məlumatda deyilir.

Teqlər: