10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verildi. Öncə diqqət yetirilən əsas məsələlərdən biri infrastrukturun yenilənməsi və bərpası oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin yanvarında Qarabağın tacı olan Şuşamıza səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulmuşdur. Bu addımı azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihə kimi dəyərləndirən ölkə Prezidenti uçuş-enmə zolağının cari ildə istifadəyə veriləcəyini bildirmişdir. Artıq eniş-uçuş zolağı hazır olan Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu həyata keçirilib.
Bu fikirləri AzerTimes-a “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanı regionda ən qısa zamanda inşa edilən aeroportlardan biridir: «Cari ilin əvvəlində təməli qoyulan hava limanında artıq növbəti ay ilk uçuşların həyata keçirilməsi nəzərdə tutulur. Digər iki hava limanı isə Zəngilanda və Laçında inşa ediləcək. Prezident İlham Əliyev hər iki hava limanının təməlqoyma mərasimində iştirak edib. Atılan bu addımlar artıq Böyük Qayıdışın başlandığının təsdiqidir. Ölkə Prezidenti İlham Əliyev bu əminliyi ifadə edir ki, necə düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Qarabağ Azərbaycandır!”.
Baş redaktor bildirib ki, işğaldan azad olunan ərazilərdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan kifayət qədər səmərəli olacaq: “Qeyd etdiyimiz kimi, Füzuli Hava Limanı Qarabağa getmək istəyən yerli və xarici turistlər üçün cəlbedici olacaq. Bu hava limanı Zəfər Yoluna, Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə, Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağı nəzərə alınaraq həm sərnişin, həm də beynəlxalq yük daşımaları baxımından Zəngilanda da hava limanına ehtiyacın olduğu önə çəkildi. İşğaldan azad edilmiş ərazilərimiz öz potensial imkanları ilə diqqətdədir. İnfrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması, yenidən bərpası bu potensialdan səmərəli istifadəyə geniş imkanlar açacaq. Eyni zamanda, bu fakt da inkaredilməzdir ki, işğaldan azad edilmiş torpaqlarımız yerli və xarici turistlər üçün diqqətçəkəndir. Bu ərazilərimizdə üç Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi qət olunacaq məsafənin azaldılmasına, bununla, həmçinin turist axınının sürətləndirilməsinə də öz böyük təsirini göstərəcək.”
Baş redaktor üçüncü hava limanının Laçında inşa edilməsinin vacibliyini də diqqətə çatdırıb: “Laçının strateji əhəmiyyətini nəzərə aldıqda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanlarının hər birinin bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanında olmaları onların strateji əhəmiyyətini göstərən amillərdəndir. Dövlət başçısı İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilərkən bu məqamı da xüsusi qeyd etmişdir ki, Kəlbəcər və Laçın rayonlarının relyefi elədir ki, burada düzən yer tapmaq mümkün deyil. Seçilən yerdə yenə də böyük torpaq işlərini aparmaqla hava limanının tikintisi mümkündür. Dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir.”
V.Rəhimzadə vurğulayıb ki, azad edilmiş bölgələrin – Şərqi Zəngəzurun, Qarabağın bərpası, vətəndaşlarımızın bu regiona qayıtmaları üçün yeni imkanlar yaranır: “Kəlbəcər-Laçın zonasında hava limanının tikintisi çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Dövlət başçısı “Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir” söyləyərək bu işlərin görülməsi üçün texniki, maliyyə imkanlarımızın və güclü iradəmizin mövcudluğunu bir daha diqqətə çatdırır. Bir sözlə, Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava limanlarının inşa edilməsi və istismara verilməsi regionun inkişafı üçün strateji əhəmiyyətə malikdir.»