Füzuli sufi deyildi, çünki sufiləri cahil sayırdı

Füzuli sufi deyildi, çünki sufiləri cahil sayırdı

Füzuli sehrinin sirləri

Ədəbiyyatşünaslıqda Füzuli şeirləri barədə mövcud çoxsaylı təhlil, şərh və təfsirlərdə zaman-zaman müxtəlif ziddiyyətli fikirlər yer alır. Bunun əsas səbəblərindən biri, görünür, onunla bağlıdır ki, Füzuli poeziyası olduqca çoxcəhətli və çoxmənalıdır. Ona görə də hər bir oxucu bu bədii çoxmənalılıqdan öz mənəvi aləminə, bədii qavrayışına münasib məna çalarları götürə bilir.

Füzuli şeirlərinin belə əsrarəngiz gözəlliyinin sirri nədədir? Bu sual poeziya həvəskarlarını və ədəbiyyatşünasları çoxdan düşündürür və hər kəs ona öz bədii zövqü və ədəbi görüşləri baxımından cavab verməyə çalışır.

Fikrimizcə, Füzuli qəzəllərində oxucunu, hər şeydən öncə, əruzun səlis və rəvan tərzdə tənzimlənmiş musiqisi və bu lirik musiqi zəminində müxtəlif bədii ifadə və təsvir vasitələrinin köməyi ilə verilən itifikirlilik, incə və dərin mənalar heyrətə gətirir. Olduqca yüksək sənətkarlıqla nəzmə çəkilən bu zərif şairanə fikirlər rəngarəng ritm vasitələri, lirik intonasiyalar (ahənglər), bədii ifadələrlə çulğaşaraq, oxucunun qavrayışında zərif və mənalı duyğular yaradır və bununla da onun ədəbi-estetik zövqünü oxşayır. Bütün bunlar necə baş verir? Şair bunlara hansı üsullarla nail olur?

Füzuli sehrinin əsasında az sözlə dərin ədəbi-fəlsəfi mənalar ifadə etmək və itifikirlilik qabiliyyəti durur. Məlumdur ki, itifikirlilik, hazırcavablıq, incə, xoşməzə söz söyləmək bacarığı bütün zamanlar, istər adi söhbət və ünsiyyətdə, istərsə də sənətdə çox yüksək qiymətləndirilən keyfiyyətlərdən biridir. Belə fikirlər bir tərəfdən oxucunu əyləndirir, düşündürür, digər tərəfdən isə müəllifinin əqli və fitri qabiliyyətini nümayiş etdirir.

Sözsüz ki, Füzuli sənətinin bu dərəcədə böyük uğur qazanmasının əsas səbəbi ilk növbədə təbiətin ona bəxş etdiyi heyrətamiz şairlik istedadı, incə zövqü və itifikirli mənalar düzəltmək (nüktəpərdazi) qabiliyyəti ilə bağlıdır.

Klassik poetika sənətində çox yüksək qiymətləndirilən belə zərif, şairanə mənalara “nüktə” deyilir. Ən çox qəzəl janrı üçün səciyyəvi olan nüktə öz-özlüyündə bədii təsvir vasitəsi deyildir. Ona görə də klassik poetika sənətinə (“elm ül-bədi”) dair yazılmış risalələrdə bu barədə danışılmır. Nüktə müxtəlif bədii təsvir vasitələrinin köməyi ilə yaradılan dərin və zərif poetik mənadır.

Füzuli şeirlərinin oxuculara bədii-estetik təsiri barədə deyilən bu fikirlərdən sonra, sözsüz ki, bu təsirin yaranmasına xidmət edən bədii vasitələr haqqında da danışmaq lazımdır.

Füzuli qəzəllərində bədii məzmunun əsas məğzini bu janrın sabitləşmiş ənənələrinə uyğun olaraq, lirik qəhrəmanın vəziyyəti, mənəvi əhvali-ruhiyyəsi, yaxud məşuqun zahiri gözəlliyi, aşiqinə etinasız münasibətilə bağlı lirik fikirlər və zərif mənalar təşkil edir. Oxucu üçün çox vaxt gözlənilməz tərzdə ifadə edilən belə fikirlər bir qayda olaraq müxtəlif bədii təsvir vasitələrinin köməyi ilə yaranır. Belə təsvir vasitələri Füzuli şeirlərində əsərin daha təsirli ifadəsinə xidmət edir və çox vaxt beytin bütün məzmununu təşkil edir:

Çaklar köksümdə sanma kim, açıbdır tiği-eşq,

Könlümün şəhrinə mehrin girməyə dərvazələr.

Burada lirik qəhrəman sevgilisinə müraciətlə deyir: “Elə zənn etmə ki, mənim sinəmdəki çapıqları sənin məhəbbətinin qılıncı açıbdır; onlar mənim könlümün qapısıdırlar, açılıblar ki, sənin məhəbbətin oradan könlümə daxil ola bilsun”. Burada işlədilmiş “hüsni-təlil” (hər hansı bir hadisənin qeyri-real, fantastik tərzdə izahı) bədii təsvir vasitəsi Füzulinin incə zövqünü çox gözəl nümayiş etdirir. Bəzən belə bədii mənaları şair hətta bir misra daxilində də böyük ustalıqla ifadə edə bilir:

Məhi-növ sanma, tutmuş çərxi tiği-şöleyi-ahım.

Bu misrada mübaliğəli tərzdə deyilir ki, göydəki qövsü təzə çıxmış ay hesab etmə, o, mənim ahımın alov şöləsidir ki, qalxıb göy üzünü tutub. Cavabsız məhəbbətin yandırıcı alovunu, şöləsini öz poeziyasının başlıca rəmzinə çevirib, göylərə qaldıran Füzuli aşağıdakı beytdə isə onu qılınca bənzədir:

Su verir hər sübhdəm göz yaşı tiği-ahimə,

Kim tökəm qanın sipəhrin, salsa mehrin mahimə.

Burada ah çəkən ağızın kənarlarına gözlərdən yaş axması ağacın suvarılmasına bənzədilir; göz yaşları axıb ağızdan çıxan ah qılıncını (şöləsini) sulayır ki, böyüyüb göylərə yüksəlsin və əgər göy qübbəsinin gözü lirik qəhrəmanın sevgilisinə düşərsə, orda onun qanını töksün.

Gənclik dövründə nakam və sarsıdıcı məhəbbətlə üzləşən Füzuli uzun müddət tənhalığa qapılaraq, “kimsə yox qapım aça, Badi-səbadan qeyri” (“Şimal küləyindən başqa qapımı açan kimsə yoxdur”) deyərək güclü iztirablar keçirmiş və bu iztirablara müvafiq poetik xəyallar qurmağa başlamışdır. Ona görə də onun qəzəllərinin əsas qayəsini cavabsız məhəbbətdən yaranan ah və nalələr, eləcə də rəhmsiz sevgilisinin həsrətindən doğan qəm-qüssə təşkil etmişdir:

Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb,

Ağlar oldu halıma birəhm cananım görüb.

Pərtövi-xurşid sanmın yerdə, kim devri-fələk,

Yerə vurmuş afitabın, məhi-tabanım görüb.

Birinci beytdə deyilir ki, o kəs ki, mənim ağlar gözlərimi görəndə hər saat gülürdü, sevgilimin rəhmsizliyinin dərəcəsini görəndən sonra o özü mənim halıma ağlamağa başladı.

İkinci beytdə isə şair yazır ki, Yerdəki parıltını Günəş işığı zənn etməyin; sadəcə Göy qübbəsi mənim işıq saçan Ayımı (sevgilimi) görəndən sonra onunla müqayisədə tutqun görünən öz Günəşindən utandığına görə onu vurub Yerə salmışdır.

Füzulinin öz ana dilində aydın başa düşülən şeirləri çoxdur. Ancaq ümumiyyətlə götürdükdə isə onun ərəb və fars sözləri ilə yüklənmiş və çətin anlaşılan şeirləri də az deyildir. Bu onunla bağlıdır ki, yuxarıda qeyd edilən dərin mənalı poetik fikirləri şair qəzəl janrının tələblərinə uyğun olaraq, bir beyt daxilində, yığcam halda verməli idi. Ancaq bu maraqlı mənalardan əlavə, şair beytlərin vəzn və qafiyə tələblərinə də riayət etməyə məhkum idi. Bu tələbləri isə təkcə ana dilində olan sözlərdən istifadə etməklə yerinə yetirmək çox vaxt çətin olurdu. Ona görə də şair tez-tez uyğun mənalı ərəb və fars sözlərindən də istifadə etməyə məcbur idi. O zaman Azərbaycanda təhsil ərəb və fars dillərində aparıldığına görə oxucuların əksəriyyəti belə sözləri anlamaqda çətinlik çəkmirdilər. Müasir dövrdə isə oxucular, hətta bəzən füzulişünasların özləri də belə şeirlərin mənalarını yaxşı anlaya bilmirlər və bu zaman belə düşünürlər ki, əgər şeirin dili çox qəlizdirsə, onda deməli, burada sufi mənaları vardır. Bu səbəbdən də müasir füzulişünaslıqda Füzuli daha çox sufi şairi kimi təqdim edilir. Halbuki şair öz əsərlərində dəfələrlə sufiləri kəskin tənqid edərək, onları “cahil” adlandırır və islamı “rüsvay etməkdə” günahlandırır. Qədim mənbələrdə də Füzulinin sufi olmasına dair heç bir məlumat yoxdur. Ona görə də Füzuli məhəbbətinin və şeirlərinin tamamilə dünyəvi səciyyə daşıması heç bir şübhə doğurmur.

Yenidən Füzulinin sənət dünyasına qayıdaraq, qeyd etmək istərdik ki, şairin mütəmadi olaraq və məharətlə istifadə etdiyi bədii ifadə və təsvir vasitələrindən biri də şeirdə söz və ya ifadə təkrarlarıdır. Şair bu şeir şəklinin klassik poetika sənətində “təcnis” adlandırılan növündən xüsusilə uğurla istifadə edir:

Canı kim cananı üçün sevsə, cananın sevər,

Canı üçün kim ki, cananın sevər, canın sevər.

Bu beytdə işlədilmiş “can” və “canan” sözləri tam cinas olmasalar da, şair onların səs və məna imkanlarından maksimum istifadə edərək, gözəl bir bədii məna yaratmışdır.

Aşağıdakı beytdə isə “surət” sözünü üç dəfə təkrar edən Füzuli birinci dəfə bu sözü “üz”, “sifət”, ikinci dəfə “vəziyyət”, üçüncü dəfə isə “heykəl” mənasında işlədərək, yenə də yüksək poetik məna ifadəsinə nail olmuşdur:

Heyrət, ey büt büt, surətin gördükdə lal eylər məni,

Surəti-halım görən surət xəyal eylər məni.

Füzuli nəinki şeirin bütün bədii ifadə və təsvir vasitələrini bilavasitə onun məzmunu və musiqisi ilə bağlayır, bu məqsədlə o, hətta ayrı-ayrı səslərdən belə məharətlə istifadə edir. Səs bənzərlikləri vasitəsilə şair əsərdəki məzmuna münasib melodik əhvali-ruhiyyə yaradır. Məsələn, aşağıdakı sətirlərdə şeirin əsas qayəsi “dərd” sözü ilə bağlıdır, yəni beytin məzmunu lirik qəhrəmanın düçar olduğu məhəbbət dərdinin hansı dərəcəyə çatmasını göstərməkdən ibarətdir (Sevgilisinin dodaqlarının həsrətindən xəstə düşmüş aşiqin dərdi elə bir həddə çatmışdır ki, artıq sevgilisinin “dəhəni” də onu sağalda bilməz). “Dərd” sözünün tərkibindəki səslər, xüsusilə də “d” səsi məzmunla bağlı beytin müxtəlif hissələrində dəfələrlə təkrar olunaraq, ümumi məzmuna münasib “dərdli” bir səs ahəngi yaradır:

Dəhənin dərdimə dərman dedilər cananın,

Bildilər dərdimi, yoxdur dedilər dərmanın.

Aşağıdakı beytdə də həmin poetik üsuldan bacarıqla istifadə edilmişdir:

Suda əksi-sərv sanmın kim, qoparıb bağban,

Suya salmış sərvini, sərvi-xuramanım görüb.

Beytin mənası belədir: suyun kənarında bitmiş sərv ağacının əksi suya düşmüşdür. Şair isə deyir ki, elə hesab etməyin ki, bu, sərv ağacının əksidir; mənim xuramanımın sərvini (qamətini) görəndən sonra bağban bunun qarşısında öz sərv ağacının qəddindən xəcalət çəkərək, gizlətmək məqsədilə onu əyib suya salmışdır. Göründüyü kimi, burada beytin məzmunu əsasən məcazi mənada işlədilmiş “sərv” (qamət mənasında) sözü ilə bağlıdır və ona görə də bu sözün tərkibindəki “s” səsi beytdə daha çox təkrar olunmuşdur.

Bütün bu deyilənlər əyani surətdə göstərir ki, Füzuli sənətinin əsasını zərif, itifikirli lirik mənalarla yüksək bədii formanın vəhdəti təşkil edir. “Nüktə” adlanan belə zərif və dərin mənalara orta əsrlərdə ərəb, fars və türk dillərində yazmış digər şairlərin əsərlərində nadir hallarda rast gəlinir. Füzulinin isə demək olar ki, hər bir qəzəlində belə mənalar daşıyan beytlər vardır. Hətta şairin elə qəzəlləri də vardır ki, onların hər bir beytində belə mənalarla rastlaşmaq mümkündür. Ancaq təəssüf ki, Füzuli qəzəllərinin səciyyəvi cəhətlərini, başlıca özünəməxsusluğunu təşkil edən bu aspekt indiyədək ayrıca tədqiqat obyekti olmayıbdır. Şairin olduqca səmimi formada yüksək mənəvi duyğular ifadə edən qəzəlləri istər məna, istərsə də ədəbi-bədii cəhətdən o qədər mükəmməl işlənmişdir ki, onların səlis və rəvan bədii quruluşu cilalanmış almazı xatırladır. Görkəmli rus şərqşünası İ.V.Braqinskinin yazdığı kimi, “həm öz bədii istedadına, həm də bu istedadın Azərbaycan, fars və ərəb poeziyasının sonrakı inkişafına, yəni ərəb ölkələrində, Orta Asiya və Cənubi Qadqazda, Türkiyə, İran və uzaq Hindistanda yazıb-yaratmış şairlərin yaradıcılığına təsiri baxımından Füzuli müstəsna yer tutur”.

Yaşadığı zamandan beş əsrə yaxın bir dövr keçməsinə baxmayaraq, Füzuli poeziyası nəinki öz həmişəyaşar təravətini və ədəbi-estetik dəyərini itirməmiş, əksinə, zaman keçdikcə özünə daha çox pərəstişkarlar tapmışdır. Çünki bu poeziya insan təbiətinin məhəbbətə, gözəlliyə, zərif və itifikirli mənalara vurğunluq kimi əbədi və sönməz hissləri ilə bağlıdır və onların bədii tərənnümünə həsr edilmişdir.

Kamil Hüseynoğlu

filologiya elmləri doktoru, professor

Teqlər: