Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması layihələrinin icrası intensiv qaydada davam etdirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, 05 may 2023-cü il tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin birinci mərhələsi icra olunur.
AzerTimes xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. İlkin mərhələdə şəhərin xarici su təchizatı sistemlərinin və mərkəzi anbarların tikintisi işləri həyata keçirilir. Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan mərkəzi su anbarları inşa edilir. Layihəyə əsasən, Füzuli şəhərinin su mənbəyindən götürülən suyun şəhərə çatdırılmasını təmin etmək üçün 10,7 km uzunluğunda magistral su kəmərinin inşası yekunlaşıb.
Füzuli şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə növbəti mərhələdə Gövşadlı kəndi yaxınlığında 15 subartezian quyusu qazılacaq. Bu mənbə hesabına Füzuli şəhəri ilə yanaşı, rayonun bir neçə kəndi də içməli su ilə təmin olunacaq.