Füzuli hava limanı – Böyük qayıdış üçün vacib prioritet

Xəbər - Alpər Ziya – Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan Füzuli rayonu ərazisində “Füzuli Beynəlxalq Hava Limanının tikintisi” layihəsi üzrə tikinti işlərinə artıq start verilib. Hazırda bu istiqamətdə işlər sürətlə aparılır və ərazi minalardan təmizlənir.

Dünən bir qrup yerli media təmsilçisi tikintinin aparıldığı əraziyə ezam edildi və orada görülən işlərlə yerindəcə tanış oldular. Məlumat verildi ki, hava limanında aerovağzal binası, 3000×45 metr ölçüdə uçuş enmə zolağı, peron, yönəldici yol, uçuş enmə zolağının işıq siqnal sistemləri, transformator yarımstansiyalarının tikintisi və köməkçi binalar tikiləcək.

Böyük qayıdış üçün vacib prioritet

Artıq Füzuli Beynəlxalq Hava Limanının ərazisinin 100 min kvadratmetr sahəsinin minalardan təmizlənməsi ilə bağlı xarici ölkələrdən mütəxəssislər dəvət olunub. Ərazinin minalardan təmizlənməsinin sürətlənməsi məqsədilə İngiltərə istehsalı olan “AARDVARK” modelli mexanizm alınaraq əraziyə gətirilib. Hazırda minalardan təmizlənən ərazilərdə uçuş enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işlərinə başlanıb.

Təbii ki, Füzulidə hava limanının inşasının timsalında işğaldan azad olunmuş ərazilərimizdə yeni, müasir kommunikasiyaların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir.

Bilirsiniz ki, dördzolaqlı Füzuli-Şuşa avtomobil yolunun tikintisinə də start verilib, həmçinin dəmir yolunun tikintisinin layihələndirilməsi işləri davam etdirilir. O cümlədən, işğaldan, azad olunmuş ərazilərimizdə hava nəqliyyatının da işləməsi üçün infrastrukturun formalaşdırılması işlərinə start verilib. Prezident İlham Əliyev Laçın və Kəlbəcər rayonlarının ərazisində də hava limanının tikintisinin aparılması üçün yerin seçilməsinə tapşırıq verib və bu istiqamətdə işlər davam etdirilir.

Füzuli hava limanının siyasi və iqtisadi əhəmiyyəti

Füzuli hava limanının tikintisinin də qısa bir zamanda həyata keçirilərək istifadəyə verilməsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanı istifadəyə verməklə düşmənlərə göstəririk ki, biz bu ərazilərimizə qayıtmışıq və məqsədimiz bu ərazilərdə yüksək səviyyəli həyat şəraitinin bərpa edilməsidir. Hava limanı və digər sosial infrastrukturu yenidən qurmaqla torpağımızın hər qarışının bizə əziz olduğunu nümayiş etdirirk.

Bu layihənin iqtisadi əhəmiyyəti də olduqca vacibdir. Çünki bu aeroport bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Dağlıq Qarabağ ərazisi paytaxt Bakıdan uzaqda yerləşdiyindən bu ərazilərdə sürətli bərpa işlərinin aparılması üçün daşınmaların həyata keçirilməsində Füzuli aeroportunun xüsusi rolu olacaq. Həm də bu ərazilər gözəl təbiəti, qədim tarixi abidələri ilə zəngindir.

Bundan başqa, Füzulidə yeni hava limanı ilk növbədə ölkənin turizm sektorunun inkişafına təsir edəcək. Azərbaycanın turizm potensialı kifayət qədər yüksəkdir və Qarabağda yeni turizm mərkəzlərinin açılması ölkə üçün faydalı olacaq.
Bilirsiniz ki, bərpa olunacaq şəhərlərdə erməni vandalizminin qurbanı olan dağılmış şəhərlərin qalıqlarından ibarət açıq səma altında muzeylər yaradılacaq. Gələcəkdə Şuşada Vaqifin poeziya günləri və digər beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlər keçiriləcək. Füzuli aeroportunun istifadəyə verilməsi bu ərazilərə səfər edəcək xarici qonaqların və turistlərin gediş-gəlişini rahatlaşdıracaq.

Beynəlxalq daşımalar rahatlaşacaq

Digər tərəfdən, biz ermənilərin Qarabağ torpaqlarında törətdikləri vəhşilklərini dünya ictimaiyyətinə real faktlarla təqdim etməliyik. Xarici qonaqları, beynəlxalq təşkilatların nümayəndələrini bu ərazilərimizə dəvət edəcəyik və erməni vandallığı ilə canlı şəkildə tanış olmaqlarına şərait yaradacağıq. Xaricilər Şuşaya gələrək həqiqətən buranın ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu görəcəklər.

Həmçinin, aeroportun bu ərazidə olması oranın sənaye və kənd təsərrüfatı sektorunun inkişafına da müsbət təsir göstərəcək. Çünki bu ərazilərimizdə müasir istehsal sahələrinin qurulması üçün xaricdən avadanlıqların gətirilməsi və istehsal olunacaq malların uzaq xarici bazarlara ixracının təşkili məsələləri gündəmə gələcəkdir. Aeroportun məhz bu ərazidə olması beynəlxalq daşımaları rahatlaşdıracaq.

Ümumiyyətlə, əminliklə demək olar ki, tikilməkdə olan Füzuli aeroportunun digər infrastruktur layihələri kimi işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması, bərpası və tanıdılmasında xüsusi rolu olacaqdır.

İşğaldan azad edilmiş bölgələrin inkişafı üçün önəmli layihə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyanda bu limanın vacib əhəmiyyətindən də danışdı. “Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər” – deyə, dövlət başçısı qeyd etdi.

Beləliklə, Prezident İlham Əliyevin də dediyi kimi, böyük qayıdış başlayır. Düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

Teqlər: