Xəbər - Cani Babayeva – Trend:
Füzuli beynəlxalq hava limanının açılışı Qarabağa investisiya qoyuluşunu və regionun sosial inkişafını sürətləndirəcək.
Bunu Trend-ə israilli ekspert, beynəlxalq hüquq üzrə mütəxəssis Mixail Finkel deyib.
O bildirib ki, tikintisi qısa zamanda başa çatmış hava limanının açılışı iki məsələni vurğulayır: “Birincisi, Qarabağ qayıdıb, ikincisi isə Qarabağ dünyanın tərkib hissəsinə çevrilir və aviareyslərlə dünyaya bağlanacaq”.
Ekspertin sözlərinə görə, Azərbaycanın yürütdüyü siyasətin müdrikliyi ondadır ki, ölkədə arteriyaların yaradılmasının vacibliyini başa düşürlər: “Əlbəttə, Qarabağı dünya ilə bağlayan digər arteriyalar kimi Füzuli beynəlxalq hava limanı da siyasətçilərin, iş adamlarının, investorların, ictimai xadimlərin, mədəniyyət xadimləri və turistlərin səfərlərinə xidmət edəcək. Qarabağa gələn insanlar bu gözəl yerləri görüb, investisiyalar qoymaq, müəssisələr açmaq istəyəcək. İnsanlar burada işləmək, dincəlmək və səyahət etmək, perspektivdə isə müalicə almaq istəyəcəklər. Əminəm ki, zaman keçdikcə burada müalicə mərkəzləri, mehmanxanalar açılacaq”.
M.Finkel qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanının açılması Azərbaycanın müxtəlif ölkələrlə dostluq münasibətlərini möhkəmləndirəcək: “Bu, xalqlar arasında dostluğun möhkəmlənməsinə gətirib çıxaracaq və Qarabağa getdikcə daha çox ölkə nümayəndələri gələcək”.
Ekspert əlavə edib ki, işğal illərində Qarabağda ermənilər tərəfindən heç nə tikilməyib və yaradılmayıb: “Onlar orada heç nə yaratmadan hər şeyi daşıyıb aparırdılar. Müharibədə uduzmağa başlayanda isə onlar Gebbelsin “yandırılmış torpaq” nasist siyasətinə əməl etdilər. Ermənilərin Qarabağı işğal etdiyi 30 il ərzində orada bu əraziləri sivil dünyaya inteqrasiya edəcək nə hava limanı, nə hər hansı bir digər infrastruktur yaradılmayıb”.
(Tərcümə: Orxan Nəbiyev)