Füzuli Beynəlxalq Hava Limanı Qarabağın sülhə açılan hava qapısıdır – Vüqar Rəhimzadə

“Sentyabrın 5-i tarixi ölkəmiz üçün çox əlamətdar gün oldu. Dövlətimizin başçısı İlham Əliyevin Qarabağımızın hava qapısı kimi dəyərləndirdiyi Füzuli Beynəlxalq Hava Limanına dünyanın 2 nəhəng hava gəmisi uğurlu eniş etdi. Azərbaycanın “Airbus A340-500” təyyarəsi və “SilkWay” şirkətinin “Boeing 747-400” təyyarəsi öz texniki uçuşlarını müvəffəqiyyətlə yerinə yetirərək Zəfər tariximizin daha bir möhtəşəm səhifəsinin yazılmasının iştirakçısı oldular. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərini, həmçinin Böyük Qayıdışın reallığa çevrilməsinə xidmət edən bu kimi addımları xalqımızın necə sevinclə, qürur hissi ilə qarşıladığını təsəvvür etmək çətin deyil. 30 ilə yaxın düşmən tapdağı altında olan, hər daşı, qayası dağıdılan, yerlə-yeksan edilən bu torpaqlarımızda həyatın yenidən başlanmasından, onlara yeni, doğma nəfəsin verilməsindən sevincli nə ola bilər? Bildiyimiz kimi, Füzuli Beynəlxalq Hava Limanının təməli dövlət başçısı İlham Əliyevin cari ilin yanvarın 14-də Şuşaya səfəri çərçivəsində qoyulmuşdu. Qarabağın hava qapısı adlandırılan bu müasir tipli beynəlxalq aeroport cəmisi 9 ay müddətinə tamamlanaraq, artıq qonaqlarını qarşılamağa hazırdır.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, “Qarabağ” adını daşıyan sərnişin təyyarəsinin Füzuli Beynəlxalq Hava Limanına enməsi 30 ilə yaxın müddətdə həsrətlə gözlədiyimiz Böyük Qayıdışın daha bir rəmzi ifadəsi oldu: “Dövlətimizin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 30 ilin işğalına son qoyuldu. Tarixi Zəfərimiz 30 illik işğal dövrünün bütün reallıqlarına işıq saldı. Qonşu ölkələrə qarşı əsassız torpaq iddiası ilə çıxış edib bunu havadarlarının dəstəyi ilə həyata keçirən ermənilər tarixi saxtalaşdırmaqla yalanlarını həqiqət kimi sırımağa çalışsalar da, Qələbədən sonra danışan daşlar, qayalar belə bir daha bu reallığı ortaya qoydu ki, ədalət, beynəlxaq hüquq mövcuddur, sadəcə onların tətbiqi üçün aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar maraqlarını bir kənara qoyub hadisələrə açıq və obyektiv gözlə baxmalıdırlar. Ermənilər işğal etdikləri ərazilərimizdə 30 ildə bir dənə də olsun quruculuq işi həyata keçirməyiblər. Əksinə mövcud olanları tamamilə dağıdıb, vəhşiliyin onlara xas xislət olduğunu bütün dünyaya nümayiş etdiriblər. Bu gün dünya həqiqətləri görməklə yanaşı, həm də onları etiraf etmək məcburiyyətindədir. Artıq bütün dünya torpağın əsl sahibi olan azərbaycanlıların işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərini necə böyük həvəslə, qürur hissi ilə həyata keçirdiklərinə şahidlik edir. Bu gün əsas hədəf bu torpaqları öz əvvəlki məcrasına gətirmək, cənnət məkana çevirməkdir. Dövlət başçısı İlham Əliyevin əsas çağırışlarından biri də budur ki, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi olan Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir. Füzuli Beynəlxalq Hava Limanının tikintisində məqsədlərdən biri də mədəniyyət paytaxtımıza gediş-gəlişi yüksək səviyyədə təmin etməkdir. Təbii ki, burada yerli vətəndaşlarla yanaşı, xarici turistlərin səfərləri də nəzərə alınır. Yol infrastrukturunun yüksək səviyyədə qurulması ümumilikdə bu ərazilərin malik olduğu iqtisadi resurslardan səmərəli istifadəni təmin edəcək.”

Baş redaktor onu da bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi və müvafiq tapşırıqları əsasında işğaldan azad edilmiş ərazilərdə zəruri infrastrukturun yaradılması istiqamətində işlər uğurla davam etdirilir: “Ölkə Prezidenti ilə birgə işğaldan azad edilmiş ərazilərimizə səfərlər edən, burada aparılan quruculuq və bərpa işləri ilə yaxından tanış olan, yeni obyektlərin təməlinin qoyulmasında və bərpadan sonra açılışında iştirak edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirlərin Böyük Qayıdışın reallığa çevrilməsində, möhtəşəm Qələbəmizin təqdimatında mühüm əhəmiyyəti vardır. Hazırda dünyaya səs salan “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənələrinin bərpasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Bu mühüm tədbirlər işğalçı Ermənistana və ona dəstək verən dövlətlərə ciddi mesajlar olmaqla yanaşı, həm də bərpa və quruculuq işlərinin daha böyük əhval-ruhiyyə, ruh yüksəkliyi ilə davam etdirilməsinə stimuldur.”

Vüqar Rəhimzadə daha sonra qeyd edib ki, Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da beynəlxalq aeroportların tikintisinə başlanılıb: “Bu mühüm addımlar həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca önəmlidir. Yaradılan bu infrastruktur qarşıdakı illərdə Azərbaycanın dayanıqlı inkişafına böyük dəstək olacaq. Azərbaycan dövləti bütün bu imkanlardan və üstünlüklərdən istifadə edərək öz qüdrətini daha da artıracaq. Hazırda Füzuli Beynəlxalq Hava Limanının ərazisində yaşıllaşdırma işləri həyata keçirilir. Bir sözlə, bu günlər Füzulidə qaynar həyat yaşanır. Qısa zamanda həyata keçirilən nəhəng quruculuq və bərpa işlərinin miqyasının genişliyi, eyni zamanda, Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu gün üçün bizim yeganə rəqibimiz zamandır. Çünki bərpa və quruculuq işlərinin uğurla başa çatdırılmasının zamana ehtiyacı var.”

Teqlər: