Füzuli Beynəlxalq Hava Limanı bölgənin nəqliyyat-logistika mərkəzinə çevriləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Tarixi Zəfərdən sonra Qarabağda dayanmadan aparılan quruculuq işləri hazırda yeni mərhələyə qədəm qoymaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsasını qoyduğu nəhəng quruculuq-tikinti layihələrinin artıq bir hissəsi başa çatdırılmaqdadır. Cəmi 7-8 ay ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük infrastruktur, enerji, kommunal xidmət obyektlərinin bir qismi istifadəyə verilib, hazırda nəqliyyat infrastrukturlarının inşası sürətlə davam etdirilir. Həmin layihələr sırasında strateji əhəmiyyəti ilə seçilən Zəfər yolu və Füzulidə Beynəlxalq Hava Limanının tikintisi də artıq tamamlanmaq üzrədir. Füzuli Beynəlxalq Hava Limanı bölgənin nəqliyyat-logistika mərkəzinə çevriləcək.

Bunu AzerTimes-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Prezidentin 2021-ci ilin yanvarın 14-də təməlini qoyduğu hava limanının qısa müddətdə, nəzərdə tutulan vaxtdan da əvvəl istifadəyə hazır olması Azərbaycan dövlətinin güclü iradəsinin, Qarabağda həyata keçirdiyi bərpa-yenidənqurma planlarına xüsusi diqqət və əzmkarlığının nümunəsi hesab edilə bilər.

O, qeyd edib ki, Füzulidə beynəlxalq əhəmiyyətli hava limanının istifadəyə verilməsi Qarabağda davam etdirilən digər nəqliyyat-tranzit kommunikasiyalarına da xüsusi diqqətin artmasına səbəb olacaq.

Millət vəkilinin sözlərinə görə, Füzuli aeroportunun tikintisinin də qısa bir zamanda həyata keçirilərək istifadəyə verilməsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var:

“Siyasi əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanı istifadəyə verməklə düşmənlərə göstəririk ki, biz bu ərazilərimizə qayıtmışıq və məqsədimiz bu ərazilərdə yüksək səviyyəli həyat şəraitinin bərpa edilməsidir. Bu layihənin iqtisadi əhəmiyyəti də olduqca vacibdir. Çünki bu aeroport bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Qarabağ paytaxt Bakıdan uzaqda yerləşdiyindən bu ərazilərdə sürətli bərpa işlərinin aparılması üçün daşınmaların həyata keçirilməsində Füzuli aeroportunun xüsusi rolu olacaq.

Bu liman Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır. Məhz Şuşaya gedən Azərbaycan vətəndaşları, xarici qonaqlar bu limandan istifadə etməklə Qarabağın bir çox bölgələrinə, Şuşaya qısa bir zamanda çatmış olacaqlar. Bu isə bölgəyə marağı artıracaq, xüsusilə də, investorların iqtisadi cəlbediciliyi üçün əlverişli stimullar yaranacaqdır. Yaxın illərdə Füzuli Hava Limanı regionun cəlbedici investisiya zonalarından birinə çevriləcək. Onu da nəzərə alaq ki, Qarabağ turizm baxımından Cənubi Qafqazın cənnəti hesab edildiyindən ölkəmizə səyahət edəcək turistlərin əsas ünvanına çevriləcək. Turistlər üçün ən zəruri şərtlərdən biri rahat və daha az vaxtı təmin edən yol infrastrukturudur. Hava limanları Qarabağın turizminə açılan qapı deməkdir. Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlər Füzuli limandan istifadə edəcəklər. Bu da limanının beynəlxalq əhəmiyyətini artıracaqdır”.

A.Hüseyov bildirib ki, Füzuli hava limanının istifadəyə verilməsi yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyət kəsb edir:

“Artıq bu limanda çalışacaq işçilərin seçimi ilə bağlı vakansiya elan olunub. Hava limanının inşaatına indiyə kimi 500 Azərbaycan vətəndaşı cəlb edilib, bundan sonrakı mərhələdə burada dayanıqlı iş yerlərinin təmin edilməsi mümkün olacaq. Gələcəkdə bu ərazidən beynəlxalq uçuşların sayının artması, yük daşınmalarının həyata keçirilməsi Füzuli rayonunun logistika mərkəzinə çevrilməsinə və nəticədə minlərlə insanın məşğulluğunun təmin edilməsinə səbəb olacaq”.

Twitter: @ElchinMehdiyev

Teqlər: