Birmənalı şəkildə deyə bilərəm ki, “Qarabağ” beynəlxalq arenada böyük təcrübəyə malik komandadır.
AzerTimes xəbər verir ki, bunu “Ludoqorets”in baş məşqçisi Georgi Dermendjiyev deyib.
Bolqarıstanlı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la sabah keçiriləcək cavab oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb:
“Bizim heyətimizdə çox sayda futbolçu var və sabah matçı Bernard Tekpetey olmadan keçirməliyik. Onun arzuolunmaz zədəsi var. “Qarabağ”la səfərdəki ilk oyunda futbolçularımı daha yaxından tanıdım. Onlar heç nədən qorxmur və hər görüşdə qol vururlar. Bu, bizim üçün həddən artıq vacib, amma çox da çətin matçdır. Futbolçularımız yaxşı formadadırlar. Hazırda bu matçı düşünürük, “Levski” ilə görüşü sonra fikirləşəcəyik”.
Qeyd edək ki, sabah keçiriləcək “Ludoqorets”-“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.