Fuad Qəhrəmanlının qızı məhkəməyə çağırıldı

Fuad Qəhrəmanlının qızı məhkəməyə çağırıldı

Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya (Yağmur) qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin 5 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin vəkili Zibeydə Sadıqova məhkəməyə məktub göndərərək, eyni prosesin təxirə salınmasını xahiş edib. Zərərçəkmişin nümayəndəsi qismində qismində tanınan anası, yazar Zümrüd Yağmur da məhkəmədə iştirak etməyib. Hakimlər zərərçəkmiş tərəfin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsinə qərar verib. Hakim Elbəy Allahverdiyev bildirib ki, qanun buna imkan verir.

Məhkəmə iclasında Əsgər Ağazadənin vəkili apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırıb. Müdafiə tərəfi zərərçəkmişin məhkəməyə gətirilib dindirilməsinə zərurət olduğunu vurğulayaraq, bu barədə vəsatətin təmin olunmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib. Qərar verilib ki, apelyasiya şikayətlərinə qismən istintaq keçirilməklə baxılsın. Həmçinin hazırda təhsillə əlaqədar ölkədən kənarda olduğu bildiriən zərərçəkmiş Sənay Yağmurun məhkəməyə gəlməsi və dindirilməsi haqda qərar qəbul edilib.

Bu iş üzrə növbəti məhkəmə iclası martın 10-na təyin edilib.

Xatırladaq ki, Əsgər Ağazadə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur.

Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal rayon Prokurorluğunda aparılıb. Sənay Qəhrəmanlı şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib. Yasamal rayon Prokurorluğunda iki dəfə bu işlə bağlı cinayət işinə xitam verilməsi haqda qərar qəbul edilib.

Hadisədən bir il sonra isə Ə. Ağazadə həbs adilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, təqsirləndirilən Ə. Ağazadə ittihamlarla razılaşmayıb və məhkəmədə ifadəsində ona şər atıldığını bildirib.

Teqlər: