Rusiya hakimiyyəti dördüncü gündür Ukrayna qoşunları ilə döyüşlərin davam etdiyi Kursk ərazisində repressiya maşınını işə salıb.
AzerTimes xəbər verir ki, bu barədə “Maş” (Mash) Teleqram kanalı məlumat yayıb.
“Federal Təhlükəsizlik Xidməti Ukraynanın zərbələrinin nəticələrini lentə alan 48 yaşlı Oktyabrskoye kənd sakinini saxlayıb. Kəşfiyyat xidmətlərinin məlumatına görə, yerli sakin tərəfindən lentə alınan video Ukrayna Teleqram kanallarından birində yayımlanıb. Dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, guya tapşırıq əsasında hərəkət edib və tapşırığın yerinə yetirilməsi üçün ona pul, eləcə də NATO ölkələrindən birinin vətəndaşlığı vəd edilib”, – məlumatda deyilir.
Kanal qeyd edir ki, hazırda saxlanılan şəxslə bağlı “casusluq” maddəsi ilə cinayət işinin başlanması məsələsinə baxılır.