Prezident Putin Rusiya Federal Təhlükəsizlik Xidmətindən şəxsən tələb edib ki, “Azovstal” müdafiəçilərinin əvəzinə Viktor Medvedçuk geri alınsın.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
İddiaya görə, 10 əcnəbi döyüşçünün, o cümlədən 5 komandirin də daxil olduğu 215 əsirlə 55 rusiyalının və Viktor Medvedçukun dəyişdirilməsinin neqativ reaksiyalar doğuracağı bildirilib. Bu mövqeyi FTX də müdafiə edib. Lakin Putin Ukraynadakı ən etibarlı adamı olmuş Medvedçukun geri alınması üçün bu mübadilədə israr edib.
“Vaşinqon Post”a danışan ukraynalı məmurlar rusiyalı əsirlərdən az qala 4 dəfə çox olan ukraynalı əsirləri (onlardan 108-i “Azov” alayı üzvləridir) geri aldıqlarına görə çox seviniblər, FTX isə bundan narazı qalıb.
Bildirilib ki, əsirlərin dəyişdirilməsində rusiyalı oliqarx Roman Abromoviç vasitəçilik edib, Zelenski administrasiyası və FTX rəhbəri ilə müzakirələr aparıb. Ukraynalı məmurlar Putinin buna razı olacağına şübhə ediblər, ancaq Rusiya lideri sədaqətli adamını almaq üçün bu cür mübadiləyə razılaşıb.
Qeyd edək ki, keçmiş xalq deputatı, “Müxalifət Platforması – Həyat naminə” birliyinin liderlərindən Viktor Medvedçuk 21 sentyabrda Rusiya tərəfinə təhvil verilib.