Azərbaycan Respublikasının Gənclər Fondu və ADA Universitetinin birgə təşkilatçılığı ilə 11 iyun tarixində “Bizi minalardan xilas edin” (Free us from landmines) adlı beynəlxalq gənclər konfransı keçirilib. Konfransın əsas mövzusu işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən yerləşdirilmiş minalara dair xəritələrin bu günə qədər Azərbaycana təqdim edilməməsi və bunun davamlı olaraq insan tələfatına səbəb olması idi.
Konfransda ilk öncə ötən həftə öz peşə vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov daxil olmaqla bütün mina qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, AR Xarici İşlər Nazirliyinin idarə rəisi Cəfər Hüseynzadə, ANAMA təşkilatının şöbə müdiri Elnur Qasımov, tanınmış sosial bloqer Adnan Hüseyn, Türkiyə Gənclər Fondunun rəhbəri Enes Eminoğlu və xarici ölkələrdən olan digər natiqlər öz çıxışlarında Ermənistanın beynəlxalq səviyyədə hərbi cinayət kimi qəbul edilən mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsini pisləyərək, bunun gələcək təhlükəsizlik və iki qonşu ölkənin dinc şəkildə yaşamasına qarşı törədilən əngəl olmasını müzakirə ediblər. Natiqlər çıxışlarında post-münaqişə dövründə sosial şəbəkələrdə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal olmağın vacibliyini vurğulayıb, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları klişe bəyanatlar verməkdən çəkinməyə və Ermənistanın bu hərbi cinayətini açıq şəkildə qınamağa və mina xəritələrini dərhal və qeyd-şərtsiz Azərbaycana təhvil verilməsini tələb etməyə çağırıblar.
Konfrans iştirakçılarının Ermənistanın bu əməllərinə görə beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi, ərazilərin minalardan təmizlənməsi üzrə beynəlxalq əməkdaşlıq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin oynaya biləcəyi rol və s. qəbildən olan çoxsaylı sualları panelistlər tərəfindən ətraflı cavablandırılıb.
Azərbaycanın aparıcı gənclər təşkilatları, beynəlxalq gənclər təşkilatlarının yerli nümayəndəlikləri, azərbaycanlı və xarici tələbələr və eləcə də xarici ölkələrin bir sıra gənclər təşkilatlarının nümayəndələrinin də canlı və onlayn şəkildə qatıldıqları konfransda Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirilib, Ermənistanın regionda sülhə əngəl törədən əməllərindən çəkinməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
Hibrid şəkildə təşkil edilən tədbirə Azərbaycandan və xarici ölkələrdən ümumilikdə 300-dən çox iştirakçı qatılıb.