Şübhəsiz ki, Azərbaycanın təkbaşına Fransanı çətinə salacaq sanksiyalar tətbiq etməsi mümkün deyil. Ancaq Fransanın Azərbaycana qarşı açıq düşmən mövqedən çıxış etməsinin cavabsız qoyulması da yanlışdır. Müxtəlif addımlar atıla bilər.
Bu sözləri AzerTimes-a iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə Azərbaycan parlamentində Fransaya qarşı iqtisadi sanksiyaların tətbiq olunması ilə bağlı səsləndirilən təklifləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Fransa Senatının qərəzli qətnaməsinə qarşı rəsmi iqtisadi sanksiyaların tətbiqi ən sonda atılan addım olmalıdır:
“Bizim bazar Fransa üçün böyük sayılmaz, ancaq Azərbaycan bu ölkənin geoiqtisadi və geostrateji maraqları baxımından önəmli ölkələrdən biridir. Azərbaycan Fransaya qarşı məhz bu əhəmiyyətli mövqeyindən geniş istifadə edə bilər. Ümumilikdə belə vəziyyətlərdə hökumətdən daha çox vətəndaş cəmiyyəti institutları aktiv olmalıdır. Müxtəlif tədbirlər, kampaniyalar apara bilərlər. Müttəfiq ölkələrin vətəndaş cəmiyyəti institutlarını da bu işlərə qoşa bilərlər və bunlar daha təsirli ola bilər. Məsələn, QHT-lər “fransız mallarına yox deyək” kampaniyası keçirsinlər, bu kampaniyalar işıqlandırılsın və s. Yəni beynəlxalq ictimai rəyə təsir göstərəcək addımlar atmaq bu sahədə daha effektlidir”.
O, “Total” şirkəti ilə bağlı səsləndirilən təkliflərə münasibətində qeyd edib ki, Azərbaycanın enerji layihələrindəki öhdəliklərini siyasi məqsədlərdən dolayı pozması ölkəmiz üçün müsbət imic formalaşdırmaya da bilər:
“Total” hansısa konsorsiumun iştirakçısıdır. Bunlar beynəlxalq öhdəliklərdir və bu tipli pozulan müqavilələrə də beynəlxalq məhkəmələrdə baxılır. Yəni Azərbaycanın enerji layihələrindəki öhdəliklərini siyasi məqsədlərdən dolayı pozması da ölkənin iqtisadi tərəfdaş kimi etibarlılığını aşağı salan haldır və müqavilələrin bu şəkildə pozulması ölkələr üçün müvafiq öhdəliklər yaradır. “Total” Fransanın önəmli enerji şirkətlərindən biridir. Demək istədiyim odur ki, iki ölkə arasında diplomatik kanallar açıq olmalı, Azərbaycan hökuməti rəsmi etirazını bildirməli, müvafiq beynəlxalq platformalarda öz mövqeyini ortaya qoymalıdır. İqtisadi sanksiyalar isə ikitərəfli nəticələr doğurur”.