Azərbaycanda Fransanın agentura şəbəkəsinin ifşası bu ölkənin Qafqaz siyasətinin bütün istiqamətlərdə iflası ilə nəticələndi.
Bunu AzerTimes-a Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Tural Gəncəliyev deyib.
T.Gəncəliyev bildirib ki, son vaxtlar Azərbaycan beynəlxalq siyasi arenadakı fəaliyyətləri və Qoşulmama Hərakatına sədrlik etməsi ilə dünya ictimaiyyətinin cəlbedici platformasına çevrilib:
“Dünyanın bir çox ölkələrində ksenofobiya, türkofobiya, islamafobiya tendensiyaları ilə hakimiyyətə gələn siyasi partiya və təşkilatların liderləri erməniləri yenidən silahlandırmaq, revanşist qüvvələri alovlandırmaq məqsədlərini güdür, lakin buna nail ola bilməyəcəklər”.
Deputat bildirib ki, bu yaxınlarda Fransada Azərbaycan parkında yazılar silinib, Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz hərəkətlər edilib:
“Vaxtilə Ermənistanadan manipulyasiya aləti kimi istifadə edən, sonralar xunta rejiminin əli ilə Qarabağda xaos yaratmaq istəyən Fransa mədəniyyətimizin simvoluna qarşı belə bir addım atır. Təəssüflər olsun ki, dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESKO-ya ev sahibliyini Fransa edir. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və digər ölkələrə dərs keçəcək axırıncı ölkədir. “Fransa Polineziyası” deyilən məkanda 60-cı ildən üzü bəri Fransa 200-dən çox nüvə silahının sınağını keçirib”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın haqlı olaraq Fransa səfirliyinin iki əməkdaşını “persona non-qrata” elan etməsi rəsmi Parisin bölgədə pozucu fəaliyyətlə məşğul olduğunu və xarici siyasətdəki uğursuzluqlarını bir daha təsdiqləyib.