Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) təşəbbüsü ilə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsinə etiraz əlaməti olaraq aksiya təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, aksiyada Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri fəal iştirak ediblər.
“Minalanmış ərazilərimizin xəritəsini istəyirik!” tələbinin nümayiş etdirildiyi aksiya şəhər meriyası və Nantın digər müxtəlif yerlərində baş tutub. Bununla azərbaycanlı məktəblilər Ermənistanın beynəlxalq humanitar hüququ və etnik azərbaycanlıların doğma torpaqlarına qayıtmaq, öz evlərində yaşamaq hüququnu kobudcasına tapdaladığına diqqəti cəlb ediblər.