Dünyada müharibə izlərini özündə daşıyan çoxlu sayda muzeylər mövcuddur.
AzerTimes xəbər verir ki, bunlara Böyük Britaniyadakı İmperiya Müharibə Muzeyini, Sinqapurdakı Çanqa Muzeyini, Danimarkadakı Blavand Bunker Muzeyini, İrandakı Müdafiə Muzeyini, Vyetnamdakı Müharibə Qalıqları Muzeyini , Fransadakı İnsan Muzeyini və Azərbaycandakı Hərbi Qənimətlər Parkını örnək vermək olar.
Sözügedən bu və digər muzeylərin bir çoxu müxtəlif ölkələrin və xalqların tarixində olan azadlıq müharibələri, döyüşlərə aid eksponatlarla zəngin olsa da, onların arasında bəşəriyyət üçün utanc qaynağı olan müstəmləkəçilik dövrünün izlərini daşıyan muzeylər də var. Belə muzeylərdən biri, bəlkə də birincisi 1887-ci ildə Fransanın paytaxtı Parisdə açılan və 1937-ci ilədək Etnoqrafiya Muzeyi adı ilə fəaliyyət göstərən İnsan Muzeyidir ( Musee de I`Homme).
Muzeydə 18 mindən artıq insan kəlləsi nümayiş etdirilir və onların arasında Fransa işğalına (1830-1962) qarşı mübarizə aparan Əlcəzair azadlıq müharibəsinin şəhid olan liderlərinin və üzvlərinin də skeleti var. Muzey dəfələrlə orada olan kəllə sümüklərinin əksəriyyətinin 19-cu əsrdə tədqiqat üçün antropoloqlar tərəfindən toplanıldığını iddia etsə də, artıq buna inanan azdır. İnsan Muzeyində Fransanın Əlcəzairdə törətdiyi soyqırım zamanı şəhid olan döyüşçülərin və mülki əhalinin kəsilmiş başlarını və kəllə sümüklərinin nümayiş etdirilməsi əsasən iki məqsədə xidmət edib. Bunlardan birincisi, üsyanı boğmaq və müqaviməti qırmaqdır. İkincisi isə onlar “qələbə” sübutu kimi fəxrlə Parisə göndərilib.
Bəhs etdiyimiz kəllə sümükləri arasında Əlcəzairdə xalq hərəkatının liderlərinin başları da var. Bunlara Şerif Bubağla (kəllə sümüyü nömrəsi 5940), Şeyx Buzian (kəllə sümüyü nömrəsi 5941), Si-Musa Əl-Derqavi (kəllə sümüyü nömrəsi 5942), Muxtar Əl-Titrani (kəllə sümüyü nömrəsi 5944) daxildir.
Tarixçilərin fikrinə görə, 800-ə yaxın kəllə sümüyü Zaatça üsyanında qətlə yetirilənlərə aiddir. 1,5 milyon insan Fransanın Əlcəzairdə 1954-1962-ci illərdə törətdiyi soyqırımın qurbanı olub. 2011-ci ilin martında əlcəzairli tarixçi Əli Fərid Belkadi İnsan Muzeyində soyqırım qurbanlarının kəllə sümüklərinin bir qismini üzə çıxarıb və onlar ən son 2020-ci ilin iyulunda Əlcəzairə göndərilib.
Qeyd: Yazıda Böyük Britaniyanın ən böyük İslam dini araşdırmaları internet portallarından biri olan “ilmfeed.com”da 10 noyabr 2020-ci ildə yayımlanan “Fransanın Əlcəzair Kəllələrinin arxasındakı dəhşətli həqiqət” adlı məqalədəki faktlardan istifadə olunub.