Biz son dövrlərdə Fransadan Ermənistana silah və hərbi texnikanın tədarükünün artdığını müşahidə edirik. Bunun son örnəyi də MİSTRAL “Atlas-RC” HHM raketlərinin verilməsidir.
Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Polkovnik sözügedən sistemin xüsusiyyətlərindən bəhs edib:
“Stinger” kimi çiyindən atılan raket sistemləri sinfinə daxil olan MİSTRAL-lar ilk dəfə 1988-1989-cu illərdə istifadə olunmağa başlayıb. Daha sonra bunların müxtəlif silah və hərbi texnikalara inteqrasiyası prosesinə keçid olub. MİSTRAL “Atlas-RC”-nin minimum uçuş mənzili 500 metr, maksimum 6 km, təsirli olduğu məsafə isə 3 min 750 metrdir. Bəzi hallarda hədəfi vurma imkanı atılma formasından asılı olaraq azala bilir. Ən son versiyada istilik sensoru da var. Raket sisteminin adındakı “RC” əlavəsi isə uzaqdan idarə edilmə mənasını verir. Əvvəl də sizinlə Ermənistanın Fransadan alacağı SHERPA LİGHT zirehli transpartyoru haqqında danışmışdıq. MİSTRAL “Atlas-RC”-ləri də sözügedən tranrspartyorun üzərinə montaj edilə bilər və hərbi maşının içərisində olmadan kənardan atəş açmaq mümkündür. Bu isə şəxsi heyətin itkisini azaltmaq məqsədi daşıyır.
Bəhs etdiyimiz sistemin digər bir diqqətçəkən xüsusiyyəti aşağı sürətlə və alçaqdan uçan və radardan qaça bilən hava vasitələrinin vurulmasıdır. MİSTRAL “Atlas-RC”-lərin PUA-ların vurulmasında istifadəsi səmərəlidir”.
Sadiq Akyar MİSTRAL “Atlas-RC”-lərin Ermənistan ordusuna qazandıracağı imkanlardan da danışıb:
“Haqqında danışdığımız HHM sistemi yaxın mənzillidir, lakin sistemin yeni olması, son nəsil hədəfini axtaran istilik sensoru ilə təchiz edilməsi Ermənistan ordusuna yeni imkanlar qazandıracaq. Yəni MİSTRAL “Atlas-RC”-lər Azərbaycanın nisbətən alçaqdan uçan PUA, helikopter və qırıcı təyyarələrinə qarşı təsirli ola bilər. Lakin Azərbaycan Ordusunun buna qarşı silahlardan istifadə edərək vəziyyətini maksimum yaxşılaşdırmaq imkanı var. Görünən isə odur ki, Ermənistan bir tərəfdən sülh danışıqlarına qatılır, digər tərəfdən sürətlə silahlanır. Rəsmi İrəvanın həm özünün, həm də arxasında duranların regiondakı müəyyən məqsədlərini reallaşdırmaq üçün qısamüddətli toqquşmaya hazırlaşması da ehtimallar daxilindədir. Ona görə, Ermənistan ordusunun hərəkətləri mütləq şəkildə izlənməli və Azərbaycan hər an bütün növ təxribatlara hazırlıqlı olmalıdır”.