Fransanın Ermənistana 50 ədəd SHERPA LİGHT, VAB MK3 və ACMAT BASTİON zirehli transpartyorlarını verəcəyi haqqında əlimizdə ilkin məlumatlar var.
Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Polkovnik sözügedən zirehli transpartyorların xüsusiyyətlərindən bəhs edib:
“Əlbəttə, satılacağı təqdirdə bunların müasir hərbi texnika olduqları üçün Ermənistan ordusunun hərəkət qabiliyyətinə müəyyən bir faydası olacaq. Lakin bu mövzuya keçməmişdən əvvəl sözügedən transpartyorların texniki göstəricilərini bilməliyik. SHERPA LİGHT transpartyoru piyadaların qruplar halında məntəqələr arasında daşınması üçün nəzərdə tutulub. Müxtəlif məqsədlərlə istifadə olunur, 5 nəfərlik tutumu və üzərində 12,7 millimetrlik pulemyotu var. Sərhədlərdə, polis məntəqələrində nəzarət, kəşfiyyat, patrul fəaliyyəti üçün əlverişlidir. Zirehli, lakin nisbətən yüngül maşındır.
VAB MK3 veriləcək zirehli transpartyorlar arasında istifadə imkanları daha geniş olan maşındır. Ekipajı iki nəfərdir, 8 nəfər daşıya bilir, iki növü var. Birinci növ 8-10 nəfərlik manqanı daşımaq üçün istifadə edilir və adətən onların üzərinə 30-40 millimetrlik top qoyulur. İkincisi isə atəşi dəstəkləmək və kəşfiyyat üçün istifadə olunur və üzərində 90 millimetrlik top daşıyır. Top və sursatı yeni nəsildir, tank, zirehli maşın və açıq hərbi hədəflərə qarşı ciddi təhdid təşkil edir. ACMAT BASTION da zirehlidir, personal daşıyıcıdır, təqribən 8 nəfəri daşımaq olur, üzərində 12,7 millimetrlik pulemyot, 30-40 millimetrlik top yerləşdirmək mümkündür”.
Akyar bəhs edilən hərbi texnikaların ölkəmizə qarşı istifadə imkanlarından danışıb:
“Bu transpartyorların hamısı müasir hərbi texnikalardır və son günlər artan təxribatlar fonunda onların Azərbaycan ilə Ermənistan arasındakı şərti sərhəddə, eyni zamanda Naxçıvan istiqamətində şəxsi heyətin daşınmasında, yerdəyişməsində qarşı tərəfin imkanlarını artıracaq. VAB MK3 bunların arasında ən çox hərəkət və manevr, eyni zamanda atəş imkanları inkişaf etdirilmiş zirehli transpartyordur. Fəqət hazırda Ermənistan ordusunun arsenalında əsasən Rusiya istehsalı olan silah-sursat, hərbi texnika və s. var. Ermənistan Ukrayna müharibəsinə görə Rusiyadan müəyyən avadanlıqları ala bilmədiyi üçün Hindistandan buna yaxın “MArG 155/39” özüyeriyən haubitsalar və “Pinaka” raket komplekslərini almaq istəyirdi. “Pinaka”ların da SHERPA LİGHT və ACMAT BASTİON transpartyorlarının üzərində yerləşdirilməsi mümkündür. Lakin bütün hallarda bunlar çox güclü logistika və baxım sisteminin qurulmasını tələb edir. Bu da Ermənistanda yoxdur, ona görə əldə edilən texnikaların sıradan çıxması ehtimalı çoxdur. Cənab İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Ordusu Türkiyə modeli üzərində yenidən qurulur. Dolayısı ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın aldığı transpartyor və silahlara qarşı Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Kobra 1” və “Kobra 2” və “Arma” 6×6 və 8×8, FNSS firmasının istehsalı olan PARS amfibiya zirehli döyüş maşınlarından aktiv şəkildə istifadə edə bilər. Müqayisə üçün bildirim ki, VAB MK3-ün üzərinə 90 millimetrlik, “Arma”nın üzərinə isə 105-120 millimetrlik top qoşula bilər”.
Ekspert vurğulayıb ki, Fransanın bu zirehli transpartyorları Ermənistana satmasında digər faktor erməni diasporudur:
“Yəni onlar Fransada iqtidara lazımi dəstəyi verir, qarşılığında isə sözügedən texnika və silahlar Ermənistana verilir. Məncə, Ermənistan silahlanma yerinə, normallaşma üçün çalışsa, əlində olanı xalqına xərcləsə, daha yaxşı olar. Çünki onların Azərbaycan Ordusunun əlində olan silahların, texnikaların qarşısında şansı azdır”.