Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin dediyi sözlərin heç bir ağırlığı, dəyəri və əhəmiyyəti yoxdur. Çünki o, həqiqəti bir kənara qoyub Ermənistanın ağzı ilə danışır, rəsmi İrəvanın sözçülüyünü edir.
Bu sözləri AzerTimes-a Fransa səfiri Olivye Dekottinin “Azadlıq” radiosuna açıqlamasında Azərbaycanı Ermənistan ərazisinin böyük hissəsini “işğal”altında saxlamaqda ittiham etməsi barədə danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Diplomat Fransanın da Azərbaycanın regionda yaratdığı yeni vəziyyətlə barışmalı olduğunu qeyd edib:
“Azərbaycan heç bir ölkənin torpağına girməyib, müharibə yolu ilə işğal altındakı ərazisini qurtarıb. Beynəlxalq hüquqa görə, hər bir ölkənin öz ərazisini işğaldan azad etmək üçün güc yolundan istifadə haqqı var. Çünki söhbət suverenlikdən, ərazi bütövlüyündən gedir. Qarabağ Azərbaycandır! “Ermənistan ərazisinin böyük hissəsi işğal altındadır” cümləsi nə deməkdir? Bunu demək üçün ya tarixdən, real vəziyyətdən bixəbər olmalısan, ya da ki, qərəzli davranmalısan. Fransa səfirinin qərəzi, məqsədi ortadadır. Ancaq tarixi və hüquqi məsələləri əsas götürərək Azərbaycan daha çox əraziyə girə bilərdi. SSRİ tərkibində olan ölkələr isə Almatı Bəyannaməsi ilə əsas prinsipləri təsbit edib və buna görə də qarşılıqlı tanınma olub. Ermənistan həmin dövrdə də sözügedən sənədə öz işğalçılıq məqsədlərinə xidmət edən düzəlişlərin əlavə olunmasını istəyirdi. Lakin bu alınmadı. Ortada Azərbaycanın öz gücü ilə formallaşdırdığı yeni bir geosiyasi reallıq var. Fransa xoşu gəlsə də, gəlməsə də, bu reallığı qəbul etməlidir. Bunun hansısa başqa yolu yoxdur, ola da bilməz”.
Diplomat Fransanın öz kirli məqsədləri üçün Cənubi Qafqazda yenidən müharibənin alovlanmasını istədiyini bildirib:
“Baxın, son 1 həftədə Azərbaycana Slovakiyanın Baş naziri, Bolqarıstan Prezidenti səfər edib. Ondan əvvəl Bakıda 110 ölkədən yüksək səviyyəli nümayəndənin iştirakı ilə VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. ADA Universitetində isə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda forum təşkil edildi. Bütün bunlar Azərbaycanın artan gücünü, möhkəmlənən mövqeyini göstərir. Qarşıdan gələn noyabr ayında isə Bakı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcək. Fransa və onun Ermənistandakı səfiri də bu gerçəkliyi görməli, qarşılarında hansı dövlətin olduğunu anlamalıdırlar. Azərbaycan Fransanın da üzvü olduğu BMT TŞ-nin 27 il ərzində həyata keçirilməyən dörd qətnaməsini öz gücünə reallaşdırıb. Rəsmi Parisin keçmiş Minsk Qrupundakı fəaliyyətini, 44 günlük Vətən müharibəsində İrəvana dəstəyini hamımız çox yaxşı xatırlayırıq. Azərbaycanı haqsız yerə işğalçılıqda günahlandıran Fransa səfiri öz ölkəsinin qaranlıq, cinayətlərlə dolu tarixinə nəzər salmalı, Cənubi Qafqaza qarışmamalıdır. Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı vasitəçisiz keçirilən görüşlərin nəticəsində 4 kəndin Azərbaycana geri təhvil verilməsi haqqında qərar qəbul olunub. Problemləri iki tərəf, eyni zamanda region ölkələri həll etmək gücündədir. Fransanı öz işləri ilə məşğul olmağa çağırıram. Hamı hər şeyi çox yaxşı görür və anlayır. Bizim heç kimə güzəştə gedəcək ölkəmiz, torpağımız yoxdur. Hər kəsə verə biləcəyimiz bir cavabın olduğunu heç kəs unutmasın!”