Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 sentyabr – Anım Günü ilə əlaqədar Fransanın siyasi rəhbərliyinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası, “Ulduz” Mədəniyyət Assosiasiyası, “Alim” Elmi Birliyi, Fransa–Azərbaycan Gənclər Assosiasiyası, Fransada Azərbaycan Mədəniyyət Assosiasiyası, Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası, Fransa–Azərbaycan icmasının imzaladığı müraciət Fransa prezidenti Emmanuel Makrona, Avropa və xarici işlər naziri Jan-İv Le Driana, Milli Assambleyanın sədri Riçard Ferrana, Senatın prezidenti Jerar Larşeyə ünvanlanıb.
Müraciətdə 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın 30 il öncə Ermənistan ordusu tərəfindən işğal edilmiş ərazilərini azad etdiyi, Azərbaycan tarixinin və mədəniyyətinin əhəmiyyətli hissəsi olan Qarabağ bölgəsinin işğal dönəmində ermənilər tərəfindən tamamilə dağıdıldığı, hazırda bu ərazilərdə yenidənqurma və bərpa işləri üzrə iri layihələrin sürətlə həyata keçirildiyi və sair barədə ətraflı məlumat verilib.
Fransadan gözləntilərini ifadə edən diaspor təşkilatları ölkənin siyasi rəhbərliyini Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrini təhvil verməsi məsələsini dəstəkləməyə, Ermənistanla yaratmaq istədiyimiz sülh prosesində Azərbaycanla yanaşı dayanmağa çağırıb.