Fransada şənbə günü avtomobil tıxaclarının ümumi uzunluğu 1,1 min kilometrə çatıb. Paytaxt regionunda tıxaclar 200 kilometr təşkil edir. Bu barədə Bizon Fute yol hərəkətinin monitorinq xidməti məlumat yayıb.
Trend xəbər verir ki, uzun tıxaclara fransızların sahilyanı regionlara tətilə yollanması ilə əlaqədar kütləvi yerdəyişməsi səbəb olub. Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, yola saat 16:00-dan sonra, yəni hərəkət azaldıqdan sonra çıxsınlar.
Yayılan məlumatlara görə, bu şənbə 900 min fransız ölkədaxili səyahətlərə dəmiryol nəqliyyatı ilə çıxmağı planlaşdırır. Ekspertlərin fikrincə, insanların vağzallarda kütləvi toplaşması koronavirusa yoluxma hallarının artmasına səbəb ola bilər.