Fransada prezident seçkiləri erməni lobbisinin artıq lazımsız olduğunu sübuta yetirdi – ŞƏRH

Fransada keçirilən prezident seçkilərinin ilk turunun
nəticələri, həmçinin, birinci və ikinci tur ərəfəsində keçirilən
debatlarda namizədlərə ünvanlanan suallar və bu suallara verilən
cavablar qlobal proseslərin bu ölkənin vətəndaşları üçün əhəmiyyət
kəsb etmədiyini, fransızların “kiçik bacı” adlandırdıqları
ermənilərlə bağlı olan məsələnin isə ümumiyyətlə yada düşmədiyini
bir daha sübuta yetirdi.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, seçkilərin həm birinci, həm də ikinci turunda
aparılan təbliğat kampaniyalarında verilən vədlərin mütləq
əksəriyyətinin sosial məsələlərlə bağlı olması Fransada sosial
problemlərin son illər ərzində kritik həddə çatdığını göstərir.

“Hazırda Fransa seçicisini narahat edən əsas problem ərzaq
məhsullarının qiymətinin sürətlə artması və ərzaq məhsullarının
orta və kasıb təbəqə üçün əlçatan olmayacağı barədə proqnozlardır.
Məhz bu amili nəzərə alan fəaliyyətdə olan prezident və eyni
zamanda, prezidentliyə namizəd Emmanuel Makronun sosial sferada
verdiyi vədlərin ön sırasında əhalinin ərzaqla təmin olunması
dayanır.

Emmanuel Makron seçki kampaniyası çərçivəsində “France Bleu”
telekamalındakı çıxışında qiymət artımı ilə bağlı əhaliyə ərzaq
talonlarının verilə biləcəyini deyib. Makron qeyd edib ki, o,
yenidən prezident seçiləcəyi təqdirdə kasıb və orta təbəqəni ərzaq
məhsullarının bahalaşmasından və yeni böhrandan qorumaq üçün “ərzaq
talonu proqramı” hazırlamağı və həyata keçirməyi planlaşdırır”, –
deyə E.Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, Fransada seçkiöncəsi keçirilən sorğuların
nəticələrinə və ekspertlərin rəyinə görə, seçiciləri əhalinin həyat
səviyyəsinin və keyfiyyətinin aşağı düşməsi, dini və etnik
ziddiyyətlər, hüquq pozuntusu faktlarının və cinayətkarlığın
artması, miqrantlarla və demoqrafik vəziyyətlə bağlı problemlər,
sosial infrastrukturun yüklənməsi və digər bu kimi məsələlər
narahat edir.

““Erməni məsələsi” isə bu siyahıda yer almır və bu faktın özü də
sübuta yetirir ki, bu ölkədə yaşayan ermənilər siyasi
hakimiyyətlərin ehtiyac duyduqları halda istifadə etdikləri kiçik
və əhəmiyyətsiz geosiyasi bəhanədən başqa bir işə yaramırlar.

Seçki kampaniyası Fransada erməni lobbisinin təsir imkanlarının
kifayət qədər azaldığını və ölkəmiqyaslı proseslərdə heç bir
əhəmiyyətə malik olmadığını nümayiş etdirdi. Bu xüsusda ermənilərin
Fransa prezidentliyinə namizədlər – İdalqo və Pekresslə bağlı
hesablamaları özünü doğrultmadı. Ermənilər hər iki şəxsin
prezidentliyə namizəd kimi Ermənistana səfərindən və Rusiya
sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan
Azərbaycan ərazilərində “zühurundan” da nəticə etibarilə heç bir
qazanc əldə edə bilmədilər.

Bu isə sübuta yetirdi ki, erməni lobbisinin gücü haqqında
deyilənlərin Ermənistanın mif və əfsanələrdən ibarət “tarixi” kimi
reallıqla yaxından-uzağa əlaqəsi yoxdur. Ermənilər təsir imkanları
barədə şişirdilmiş və saxta iddialardan ibarət təbliğatlarından
özlərini siyasi dairələrə sırımaq üçün istifadə edirlər. Erməni
lobbisi isə, əslində, yalnız bələdiyyə səviyyəsində təsirə
malikdir, reallıqda isə nüfuzu kifayət qədər aşağıdır”, – deyə
E.Mirzəbəyli əlavə edib.

O vurğulayıb ki, Ermənistan mətbuatındakı şərhlərin təhlili və
aparılan təbliğatın ana xəttində nəzərəçarpan məqamlar belə
düşünməyə əsas verir ki, Ermənistanın siyasi hakimiyyəti, erməni
diasporu və lobbisi Emmanuel Makronun ikinci tura keçəcəyinə ümid
bəsləməyib.

“Çox güman ki, ikinci turda Mari Le Penlə Valeri Pekress, yaxud
Ann İdalqonun yarışacağını düşünüblər. Əslində, ermənilərin
sözügedən namizədlərin seçki kampaniyasında iştirakları da qabarıq
şəkildə nəzərə çarpmayıb. Emmanuel Makronun seçki marafonunda isə
ümumiyyətlə gözə dəyməyiblər.

İkinci turda Rusiyaya yaxın Le Penin seçkilərdə qalib gəlmək
şansının az olduğunu anlayan erməni lobbisinin növbəti dəfə
prinsipsizlik nümayiş etdirərək Makrona dəstək olacağını bəyan
etməsi isə Fransanın siyasi dairələri tərəfindən ikrahla
qarşılanıb. Makron isə çox güman ki, seçicilərin daxili sosial
problemlərdən narahatlığını, həmçinin, erməni lobbisinin zəif
nəticələrini və prinsipsizliyini nəzərə alaraq əvvəlki kimi erməni
məsələsinə böyük diqqət ayıra bilməyəcək”, – deyə E.Mirzəbəyli
əlavə edib.

Teqlər: