Fransanın Milli İctimai Səhiyyə Agentliyi son 24 saat ərzində ölkədə 179 807 nəfər COVID-19-a yoluxduğunu açıqlayıb.
Trend xəbər verir ki, bu pandemiya başlayandan Fransada qeydə alınmış ən yüksək göstəricidi.
Səhiyyə naziri Olivye Veran ötən həftə Milad və Yeni il tətillərinin sonunda ölkədə gündəlik koronavirusa yoluxanların sayının 100 minə çatacağını bildirmişdir. Bununla belə, son rəqəmlər bu proqnozu xeyli üstələyir və artıq ötən şənbə günü sutka ərzində 104 mindən çox koronavirusa yoluxma halı qeydə alınmışdır.
Rəsmi məlumatlara görə, koronavirusa ilk növbədə peyvənd olunmamış əhali yoluxur. Rəqəmlər göstərir ki, 12 yaşdan yuxarı 5,3 milyon insan, o cümlədən yaşı 65-dən yuxarı olan bir milyondan çox insan hələ də ümumiyyətlə vaksinasiya olunmayıb.
Bununla yanaşı, ölkədə buster dozayla peyvənd kampaniyası uğurla həyata keçirildiyi bildirilir. 23 milyondan çox fransız peyvəndin üçüncü dozasını qəbul edib, bu da yeddi ay əvvəl ikinci iynə vuranların 88%-ni əhatə edir.