Fransa Ukraynanın imtina etdiyini bizə verir – Xaçikyan

Fransa Ukraynanın imtina etdiyini bizə verir – Xaçikyan

Ermənistanda bir qrup qrant yeyən təşviqatçının son bir neçə ildə yaydığı yalan vəd və nağıllarından bəzilərinin siyahısını tərtib etmişəm. Birinci yalanda dedilər ki: “Pelosinin səfəri o deməkdir ki, ABŞ Ermənistana kömək edəcək”. İkinci yalanlarında “Makronun ermənilərə dəstək verməsi ilə bağlı erməni dilində açıqlamaları və təsirli yazıları Fransanın bizə kömək edəcəyi anlamına gəlir” deyə car çəkdilər. Makron isə sanksiya olmayacağını bəyan etdi, “artsaxın etnik təmizləməsinə” məhəl qoymadı və Ukrayna, Özbəkistan, Qazaxıstan və s.-dən fərqli olaraq heç vaxt Ermənistana səfər etmədi. Üçüncü yalanlarına gəlincə, “demokratik ölkə olduğumuza görə demokratik Qərb bizə kömək edəcək”. Qərb isə Əliyevi özünün etibarlı tərəfdaşı elan etdi.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib.

“Daha sonra yaydılar ki, guya Laçın yolunun açılması ilə bağlı Haaqa məhkəməsinin qərarı və beynəlxalq ictimaiyyətin təzyiqi bizə kömək edəcək. Gah da “biz Rusiyanın müttəfiqi olmasaq və KTMT-dən çıxsaq, Qərb bizə kömək edəcək” dedilər. Fransa bizə simvolik yardım göstərdi, baxmayaraq ki, biz hələ də Rusiyanın müttəfiqi sayılırıq və hələ də KTMT-dəyik. Azərbaycan Rusiyanın rəsmi tərəfdaşıdır, lakin ABŞ-dan hərbi yardım alır. Gürcüstan Rusiyanın müttəfiqi deyildi, lakin 2008-ci il müharibəsi zamanı Qərbdən kömək almadı. Ardınca daha bir yalan danışdılar ki: “Qərb Ukraynaya kömək etdiyi kimi bizə də kömək edəcək”. Qərb Ukraynaya ciddi yardım, 250 milyard dollar və ən müasir silahlar verdi. Amma indi Ukraynanı tərk edir, onu düşmənlə baş-başa qoyur, pulunun bitdiyini deyir. Qrant yeyənlər bildirirdilər ki: “Ermənistana hücum və ya “artsaxda etnik təmizləmə” olarsa, Qərb sanksiyalar tətbiq edəcək”. Qərb hökumətləri isə heç bir sanksiya olmayacağını söylədi. Daha böyük bir yalan isə “Fransa bizə hərbi yardım göstərdi” oldu. Paris isə Ermənistana 23 il əvvəl özünün imtina etdiyi döyüş maşınlarını göndərdi. Bunlardan hətta Ukrayna da imtina edib ki, şəxsi heyəti mərmilərdən, raketlərdən və ya dronlardan qoruya bilmir. Bu texnikalar sülhməramlı və kəşfiyyat missiyaları üçün ən yoxsul Afrika ölkələrinə ixrac olunur.

Deyirlər ki, guya demokratik Qərb və sivil dünya birliyi Ermənistanın gələcəyidir. Amma demokratik Qərb Ukraynanı müharibəyə təhrik etdi, ukraynalıları 2020-ci ilin yazında sülh danışıqlarını dayandırmağa məcbur etdi və indi onu taleyin ümidinə buraxdı. Qərb hələ 1947-ci ildə BMT tərəfindən tanınan Fələstin əhalisinin soyqırımını, dinc əhalinin öz ərazisində məhv edilməsini səssizcə qəbul edir. Qurbanların sayı 20 minə çatır ki, onların da əksəriyyəti uşaqdır. ABŞ hökuməti isə İsrail ordusuna fəal şəkildə kömək etməyə davam edir, fələstinlilərin soyqırımına məhəl qoymur və dünya ictimaiyyətinin müharibəni dayandırmaq cəhdlərinin qarşısını alır”, – o bildirib.

Teqlər: