Fransa 1980-ci ildə Liviyanın o vaxtkı lideri Müəmmər Qəzzafini öldürmək üçün Aralıq dənizi üzərində sərnişin təyyarəsini vurdu.
AzerTimes xəbər verir ki, belə bir iddia ilə İtaliyanın keçmiş baş naziri Culiano Amato çıxış edib.
Amatonun sözlərinə görə, Qəzzafinin olduğu təyyarənin vurulması planlaşdırılmışdı. Lakin İtaliyanın keçmiş xarici işlər naziri Bettino Kraksi Qəzzafini bu plandan xəbərdar edib və Liviya lideri də həmin təyyarəyə minməkdən imtina etmişdi.
“Təyyarənin qəzaya uğradığı ərazidə radarlar aviasiya hərəkətliyi göstərirdi. Ən çox ehtimal olunan versiya Fransa Hərbi Hava Qüvvələrinin üzərinə düşür. NATO çoxlu sayda təyyarə ilə təlimlərin imitasiyasını həyata keçirməyi planlaşdırırdı və bu zaman hədəf kimi Qəzzafinin təyyarəsinə raket atılmalı idi”, – Amato bildirib.
Keçmiş baş nazirin fikrincə, raket, ehtimal ki, Korsikanın cənub sahillərində təyyarədaşıyan gəmidən havaya qalxan Fransa qırıcısı tərəfindən atılıb.
Qeyd edək ki, 1980-ci ilin iyunun 27-də Bolonyadan Palermoya uçan “İtavia Flight 870” aviaşirkətinə məxsus təyyarə müəmmalı şəkildə qəzaya uğramışdı. Qəza nəticəsində 81 nəfər həlak olmuşdu.