Qazaxıstan Fransanın EDF şirkəti ilə Atom Elektrik Stansiyasının (AES) mümkün tikintisi ilə bağlı danışıqlar aparmağa hazırdır.
AzerTimes xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasdam Satkaliyev deyib.
“EDF AES-in tikintisi üçün potensial təchizatçılar hesab edilən şirkətlərin qısa siyahısına daxil edilib. Əgər Fransa tərəfi iştirakla bağlı danışıqlara başlasa, biz bu danışıqları aparmağa və onların bütün suallarını cavablandırmağa hazırıq”, – Satkaliyev bildirib.
Onun sözlərinə görə, nazirlik həmçinin “Total Energies” şirkəti ilə külək elektrik stansiyasının tikintisi üzrə əməkdaşlıq, Qazaxıstanın “Kazatomprom” şirkəti ilə Fransanın “Orano” şirkəti arasında qarşılıqlı fəaliyyət və bir sıra digər məsələləri müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, bu gün Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana səfər edib. Makron sabah da Özbəkistana səfər edəcək.