Fransanın məşhur “Musulmans en France” portalı dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı geniş yazı hazırlayıb.
AzerTimes xəbər verir ki, məqalədə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi, şairin Avropada yalnız XIV əsrdən çiçəklənən humanist prinsipləri müdafiə edərək Azərbaycan və dünya ədəbiyyatına təsir göstərməsi vurğulanıb.
Qeyd edilib ki, “Fransada XV əsrin sonlarından başlayaraq yazıçılar, alimlər, filosoflar və rəssamlar insanı öz yaradıcılıqlarının, tədqiqatlarının və düşüncələrinin mərkəzi mövzusuna çeviriblər. Nizami isə hələ bir neçə əsr əvvəl Avropada yeni dövrün başlanğıcı ilə (XV əsrin sonu – XVI əsrin əvvəlləri) zəbt etməyə başlayan dəyərləri müdafiə edirdi: qadınların cəmiyyətdə yeri və gender bərabərliyi məsələsi, ədalətin mənası, təbiətə hörmət və ya müstəqil düşünmək azadlığı:
“Nizaminin şeirlərində məhəbbət mövzusu insanın formalaşmasına iştirak etdiyi üçün heç də az əhəmiyyət kəsb etmir. Şairin yaradıcılığında personajlar məhəbbəti yalnız onları bədən və zehnin yetkinliyinə aparan sınaqlardan ibarət inisiasiya ayinindən sonra tapa bilirlər”.
Məqalədə Nizaminin Gəncədə doğulduğu qeyd edilir: “Gəncə bütün Yaxın və Orta Şərqin ən böyük mədəniyyət və ticarət mərkəzlərindən və Qafqazın ən qədim şəhərlərindən biri olub, tarixi eramızdan əvvəl 494-cü ilə gedib çıxır. Gəncə hazırda Azərbaycan Respublikasının ikinci ən böyük şəhəridir, ölkənin qərbində Aran bölgəsində yerləşir. Nizami 1141-ci ildə burada doğulub, 1209-cu ildə orada vəfat edib.
Şairin yaşadığı XII əsr Azərbaycan xalqının tarixində qızıl dövr hesab olunur. Nizaminin şeirlərində Şimali Qafqazda yerləşən Dərbənd qalası kimi Azərbaycan xalqının əfsanələrində rast gəlinən elementlər var. Nizami “Xosrov və Şirin” poemasında bu əfsanələrdən istifadə niyyətini açıq şəkildə qeyd edir.
Gəncə mədrəsəsində parlaq təhsil alan gənc şairin təhsilində təhsil əsas yer tuturdu. Nizami Quran, riyaziyyat, astronomiya, coğrafiya və xarici dilləri öyrənib.
Nizami Gəncəvinin əsas əsəri “Xəmsə” adlanır, 1173-1203-cü illər arasında yazılmış beş poemadan ibarətdir. Bunlar “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə”dir”.
Məqalədə vurğulanıb ki, Nizami Gəncəvinin humanizmi xalqlar arasında harmoniyaya yönəlib.