Fransa portalı: Ermənistan azad olunmuş ərazilərdəki minaların xəritəsini Azərbaycana verməkdən imtina edir

Fransanın “musulmansenfrance.fr” xəbər portalında Azərbaycanın yeganə fransızdilli mətbu orqanı olan “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın “Bayden, Makron və Qarabağın minalanmış ərazilərinin xəritəsi…” sərlövhəli məqaləsi yayımlanıb.

Trend xəbər verir ki, məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra Qarabağda ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin bu günədək təhvil verilməməsi faktına diqqət çəkilir, aprelin 24-də ABŞ Prezidenti Co Baydenin qondarma “soyqırımı” açıqlaması və Fransa Prezidenti Emmanuel Makronun həmin tarixdə ermənilərə özünün “Twitter” hesabında verdiyi dəstəyə toxunulur, həmçinin Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməklə beynəlxalq hüququ pozmaları qeyd olunur.

Müəllif Prezident İlham Əliyevin Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğana telefon zəngini və ABŞ Prezidentinin çıxışını tarixi bir səhv adlandırdığını xatırladaraq Vaşinqton bəyannaməsinə etiraz edən və Türkiyəyə dəstək verən ilk ölkənin Azərbaycan olduğunu bildirir.

Həmçinin qeyd olunur ki, Azərbaycan çoxsaylı erməni hücumlarına məruz qalıb. 1988-ci ilin fevralından 1994-cü ilin mayınadək Azərbaycanın Qarabağ bölgəsində baş verən Birinci Qarabağ müharibəsinin Ermənistan dövlətinin irredentist hərəkətlərinin nəticəsidir. 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatların yenidən başlaması beynəlxalq qurumların diqqətsizliyini tamamilə nümayiş etdirdiyini vurğulayan jurnalist, nəhayət, Azərbaycan Ordusunun 44 günlük müharibədəki Qələbəsindən sonra noyabrın 10-da İkinci Qarabağ müharibəsinin bitməsi ilə bağlı üçtərəfli atəşkəs Bəyanatının Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalandığına diqqət çəkir.

Müəllif vurğulayır ki, müharibədən bir neçə ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad edilmiş ərazilərdəki minaların xəritəsini verməkdən imtina edir. 2020-ci ilin noyabrından bəri Qarabağda mina partlaması nəticəsində 22 azərbaycanlı mülki və hərbçi həlak olub, 100 nəfər yaralanıb. Bu münasibət müharibə cinayəti kimi dəyərləndirilməlidir.

Sonda jurnalist bununla Ermənistanın 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, habelə Konvensiyanın İkinci Protokolunu, həmçinin Birləşmiş Millətlər Təşkilatının 1999-cu il tarixli Konvensiyasının müddəalarını ciddi şəkildə pozduğunu qeyd edir. Bildirilir ki, Konvensiyaya görə, münaqişə tərəfləri müharibə bitdikdən sonra minalardan təmizlənmiş ərazilərin xəritələrini təqdim etməyi və piyada əleyhinə minalardan istifadə etməməyi öhdələrinə götürürlər.

Teqlər: