Fransa Müqavimət Hərəkatında almanlara qarşı partizan hərəkatında iştirak edən Əhmədiyyə Cəbrayılovla birgə döyüşlərə qatılanlardan biri də Ceyran xanımdır.
Öncə sizə iki şəkil təqdim edirəm:
1) Ehtimala görə, bu, Ceyran xanımın özüdür.
2) 1975-ci ildə Əhmədiyyə Cəbrayılov Fransaya səfəri zamanı Ceyran xanımın məzarı üstündə.
Soyadı barədə tam məlumat əldə etmək mümkün deyil, çünki sovetlər dövründə Avropa müqavimət hərakatında xidmət keçənlərə qarşı repressiyalar edilirdi və çoxlarının sənədləri sadəcə yandırılırdı.
Əldə etdiyim ilkin məlumata görə, Ceyran xanım 1908-ci ildə Bakı şəhərində anadan olub, peşə təhsili alıb və eyni zamanda tikinti mütəxəssisi olmaq üçün Moskvaya köçüb. Təhsil ala-ala Moskva Metropoliteninin tikintisində çalışıb. İkinci Dünya müharibəsi başlayandan sonra orduya könüllü yazılıb və Ukrayna cəhbəsində xidmət edib.
Döyüşlərin birində əsir düşür, Fransada Rodez yaxınlığında hərbi düşərgədə saxlanılır. İlk olaraq ona Azərbaycan Legionunda xidmət etmək təklifi edilir. 1943-cü ilin axırlarında Rodez əsir düşərgəsində toplanmış azərbaycanlılar fransız kommunistlər ilə əlaqə yaradırlar və Averyon vilayəti müqavimət hərəkatının rəhbəri, kommunist polkovnik Rişard azərbaycanlı əsirlərin qaçıb partizanlara qoşulması üçün “Azrodez” – “Rodezdəki azərbaycanlılar” parolunu müəyyənləşdirir.
Bundan sonra gizli təşkilat azərbaycanlı əsirlərin dəstə-dəstə düşərgədən qaçıb, fransız partizanları ilə birləşməsi işinə başlayır. Düşərgədən qaçan hərbi əsirlər fransız vətənpərvərlərin köməyi ilə Aveyron dağlarında yerləşən “Sovet vətənpərvərlərinin hərbi komitəsi” adlanan təşkilatla birləşirlər. Bunlar içində Ceyran xanım da olur.
Almanların əlindən xilas olan xanım barədə Əhmədiyyə Cəbrayılov eşidir və onu öz yanına aparır. Ceyran xanım qısa zamanda bütün partizanların sevimlisinə çevrilir və onun dəmlədiyi çay bütün partizanlar arasında məşhur olur. Partizanlar öz aralarında “Ceyran çayxanası” adı verdikləri yerə gəlir və onun dəmlədiyi çayı içirdilər.
Ceyran xanım döyüşlərdə də fəal iştirak edib və Larzak, Kursaq, Mand, Nim və Rodez rayonlarının faşistlərdən azad edilməsində qəhrəmancasına vuruşub. Döyüşlərin birində isə alman snayperin hədəfinə tuş gəlib və həlak olub.
Hətta “Uzaq sahillərdə” filimindən sonra “Ceyran” adlı film çəkilməsi planı olub, ədəbiyyatımızı ideya-bədii cəhətdən öz əsərləri ilə zənginləşdirən yazıçılarımızdan biri İmran Qasımov Fransaya səfər edərək Ceyran xanım haqqında məlumatlar toplamağa çalışsa da, heç nə əldə edə bilmədiyi üçün film çəkilməsi planı pozulub, nəticədə 1975-ci ildə İmran Qasımov bədii təxəyyül əsasında “Ceyran” povestini yazıb.
Bu istiqamətdə araşdırmalarım davam edir.